AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İyunun 2-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanı ordu generalı Hüseyn Kıvrıkoğlu və onun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik S.Əbiyevin dəvətilə Bakıya rəsmi səfərə gəlmişdir.
NATO ilə Azərbaycan Respublikası arasındakı fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyunun 1-dən 5-dək Oberammergau şəhərində (Almaniya Federativ Respublikası) sülhməramlı əməliyyatlar üzrə NATO kursları və iyunun 2-dən 9-dək Norxold şəhərində (Böyük Britaniya) “Kooperativ Bear – 98” təlimlərinin planlaşdırılması üzrə yekun konfransı keçiriləcəkdir.
Mayın 28-də saat 23:35-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri işğal olunmuş Ağdərənin Çerabert kəndi istiqamətindən, Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunun həmsərhəd ərazisində yerləşən mövqelərinə həmlə ilə soxulmağa cəhd göstərmişlər.
Mayın 27-də Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik S.Əbiyev Kanadanın Türkiyə və Azərbaycan Respublikalarındakı səfirliyinin yeni təyin edilmiş hərbi attaşesi polkovnik Bryus Qriffini qəbul etmişdir.
Mayın 26-da Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik S.Əbiyev Almaniyanın ATƏT-in Minsk qrupunda Dağlıq Qarabağ üzrə səfiri Frank Lambaxı qəbul etmişdir.
Mayın 25-də Azərbaycan Respublikasının Müdafiə Naziri general-leytenant S.Əbiyev Macarıstan Respublikasının Rusiya Federasiyası və Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dyord Nanovskini və səfirliyin hərbi attaşesi polkovnik Jiqmond Temeşvarini qəbul etmişdir.
Mayın 26-dan 28-dək Afina şəhərində (Yunanıstan) “Olimpiya-98” təlimlərinin planlaşdırılması üzrə tərəfdaşlıq ruhunda yekun konfransı keçiriləcək.
Mayın 24-də Ordu İdman Klubu stadionunda Azərbaycan Demokratik Respublikası yaradılmasının 80 illiyinə həsr edilmiş bayram tədbiri keçirilmişdir.
NATO ilə Azərbaycan Respublikası arasındakı fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində, mayın 25-dən 26-dək Bremen şəhərində (Almaniya Federativ Respublikası) “Kooperativ Baltik-98” sülhməramlı təlimlərinin planlaşdırılması üzrə yekun konfransı, mayın 25-dən 29-dək isə Oberamerqau şəhərində (Almaniya Federativ Respublikası) NATO-nun Avropada təhlükəsizlik kursları keçiriləcəkdir.
NATO ilə Azərbaycan Respublikası arasında işlənib hazırlanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində, mayın 18-dən 22-dək Oberomerqau şəhərində (Almaniya Federativ Respublikası) mülki təhlükəsizlik və hərbi-mülki əməkdaşlığın planlaşdırılması üzrə kurslar keçirilir.