Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Əlahiddə Ümumqoşun Ordu

Əlahiddə Ümumqoşun Ordu

1991-ci il 7 sentyabr tarixində muxtar respublikanı yaranmış vəziyyətdən xilas etmək, ərazisini erməni basqınlarından qorumaq, əhalini talan və qırğınlardan qurtarmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri olan ümumilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Dövlət Müdafiə Komitəsi yaradıldı. 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu birliyindən biri olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada formalaşdı. 705-ci əlahiddə gücləndirilmiş motoatıcı briqada uğurlu döyüş yolu keçərək 21 may 1995-ci ildə motoatıcı diviziyaya, 8 dekabr 1998-ci ildə isə Ordu Korpusu səviyyəsinə qədər yüksəldi.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən, 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordu yaradılıb.

 

Əlahiddə Ümumqoşun Ordu müxtəlif qoşun növünə aid birləşmə və hissələrdən ibarət olub Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisini, o cümlədən hava xətti ilə 275 km-dən (ərazi relyefinə uyğun olaraq 405 km) artıq erməni silahlı birləşmələri ilə sərhəd olan əraziləri şərəflə müdafiə edir.

 

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları 2018-ci ildə uğurlu Günnüt əməliyyatında və 2020-ci ildə Vətən Müharibəsində iştirak edərək torpaqlarımızın azad olunmasında şücaət göstəriblər.