Müstəqil dövlətin atributlarından biri olan güclü və müasir tələblərə cavab verə biləcək Silahlı Qüvvələrin yaradılmasında hərbi elm və təhsil sisteminin müstəsna əhəmiyyəti vardır. Hərbi elm və təhsil Azərbaycan Respublikasının təhlükəsizliyi və müdafiəsini təmin edən xüsusi strateji fəaliyyət sahəsi olmaqla yanaşı, həm də sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mərhələlər üzrə fasiləsiz mənimsənilməsini təmin edən təlim və tərbiyə prosesidir. Hərbi təhsil döyüş gücünün konseptual komponentinin bir elementi olaraq, Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin qarşısında qoyulan vəzifələri yüksək peşəkarlıqla yerinə yetirməyi bacaran kadrların hazırlanması fəaliyyətidir. II Qarabağ müharibəsindən sonra müzəffər Azərbaycan Ordusunun hərbi təhsil istiqamətində də islahatların keçirilməsinə başlanıldı. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 mart 2022-ci il tarixli, 1626 nömrəli fərmanına əsasən, qabaqcıl xarici orduların praktikasına əsaslanaraq Milli Müdafiə Universiteti yaradıldı. Milli Müdafiə Universiteti tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələri vasitəsilə ali təhsilin bütün səviyyələri üzrə mütəxəssis hazırlığını, ümumi təhsilin tam orta təhsil, orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsini təmin edən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi-elmi tədqiqatlar aparan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan xüsusi təyinatlı ali təhsil müəssisəsidir. Milli Müdafiə Universiteti müxtəlifpilləli təhsil proqramlarını ardıcıl həyata keçirən xüsusi təyinatlı təhsil müəssisələri şəbəkəsindən və təhsili idarəetmə orqanlarından ibarətdir. Fəaliyyətinin əsas məqsədi, Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələri vasitəsilə orta ixtisas təhsilli və yüksəkixtisaslı mütəxəssislərin, elmi və elmi-pedaqoji kadrların hazırlanmasını təmin etmək, habelə dövlət orqanlarının vəzifəli şəxslərinə hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsini, hərb elmləri sahəsində elmi tədqiqat işlərinin aparılmasını və əlavə təhsil üzrə kadr hazırlığını təşkil etməkdir.
Milli Müdafiə Universitetinin idarə olunması, heyətin və təhsilalanların hüquq və vəzifələri, hərbi elm və təhsil sahəsində əsas prinsip və normalar xüsusi təyinatlı təhsil müəssisələrinin nizamnamələrinə, “Elm haqqında Azərbaycan Respublikasının Qanunu”nun və “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”nun tələblərinə əsasən müəyyənləşdirilir.
Milli Müdafiə Universitetinin əsas fəaliyyət istiqamətləri tədris, təlim-tərbiyə, metodiki, elmi tədqiqat və redaksiya-nəşriyyat işlərindən ibarətdir. Tədris işi Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində bütün növ tədris məşğələlərinin planlaşdırılması və təşkilinə nəzarəti, təhsilalanların tədris materialını mənimsəməsinin qiymətləndirilmə nəticələrinə dair məlumatların vahid uçotunun aparılmasını və həmçinin təlim-tərbiyə, metodiki iş, elmi tədqiqat və redaksiya-nəşriyyat məlumatlarının təhlili nəticəsində tədris işinin təkmilləşdirilməsinə dair tövsiyələrin verilməsini əhatə edir.
Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının qarşıya qoyduğu tapşırıqlara və müdafiə nazirinin əmr və direktivlərinə əsaslanaraq, hərbi elm və təhsil sisteminin əsas məqsədini aşağıda göstərilən formada ümumiləşdirmək olar:
– Azərbaycan xalqı və dövləti qarşısında öz məsuliyyətini dərk edən, vətəninə və xalqına sadiq olan, xalqının milli-mənəvi dəyərlərinə və demokratik prinsiplərinə, insan hüquqlarına və azərbaycanlılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən hərbi qulluqçuların (zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının) yetişdirilməsi;
– milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüs və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü, silah və hərbi texnikanı mükəmməl bilən mütəxəssis kadrların hazırlanması;
– sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasının daima artırılmasını təmin edən, Silahlı Qüvvələrin döyüş hazırlığının və ümumilikdə dövlətin müdafiə qabiliyyətinin artırılması sahəsində səy göstərən hərbi və mülki qulluqçuların hazırlanması.
Hazırda Azərbaycan Ordusu üçün müxtəlif kateqoriyalardan olan hərbi və mülki kadrların hazırlanması Milli Müdafiə Universitetinin nəzdində olan tədris müəssisələrində (Hərbi Elmi Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Heydər Əliyev adına Hərbi İnstitut və Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi) həyata keçirilir.
“Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”nun tələblərinə əsasən, Milli Müdafiə Universitetində təhsilin pillə və səviyyələri aşağıdakı kimi müəyyən edilmişdir:
– tam orta təhsil;
– peşə və orta ixtisas təhsili;
– ali təhsilin bakalavr, magistr və adyunktura (dokotrantura) səviyyələri.
Təhsilin ilk pilləsi – tam orta təhsil – xüsusi təyinatlı tam orta təhsil müəssisələrində: Cəmşid Naxçıvanski və Heydər Əliyev adına hərbi liseylərdə həyata keçirilir. Peşə ixtisas təhsili Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlanması kurslarında həyata keçirilir.
Ali təhsilin bakalavr səviyyəsi üzrə zabit kadrlarının hazırlanması Heydər Əliyev adına Hərbi İnstitutda, magistr səviyyəsi üzrə zabit kadrlarının hazırlanması Hərbi İdarəetmə İnstitutunda, adyunktura (dokotrantura) səviyyəsi üzrə zabit kadrlarının hazırlanması Hərbi Elmi Tədqiqat İnstitutunda həyata keçirilir.
Hələ Sovetlər birliyində olarkən SSRİ rəhbərliyinin müqavimətinə baxmayaraq, Azərbaycanın gələcəkdə hərbi kadrlara ehtiyacını və onların hazırlanması yollarını düşünən uzaqgörən, xalqımızın ümummilli lideri ulu öndər Heydər Əliyevin 1971-ci ildə şəxsi təşəbbüsü ilə keçmiş Sovet İttifaqının heç bir respublikasında analoqu olmayan Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılmasına, azərbaycanlı gənclərin Bakı Ali Ümumqoşun Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik Məktəblərinə, eləcə də ölkənin digər hərbi məktəblərinə güzəştli qəbul olunmasına nail olunmuşdur.
1997 – 2001-ci illərdə isə Silahlı Qüvvələrin Hərbi Akademiyasının, zabit heyətini təkmilləşdirmə kurslarının, gizir hazırlığı məktəbinin, C.Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialının, ehtiyat zabit hazırlığı kursunun, Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin yaradılması Silahlı Qüvvələr üçün peşəkar, bilikli, vətəninə və xalqına sadiq hərbçilərin hazırlanmasında həyati əhəmiyyət kəsb edir.
Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları da təhsil problemlərini daima öz nəzarəti altında saxlayır. Bununla əlaqədar ölkə rəhbərlinin dediyi: “Bildiyimiz kimi, Azərbaycanda təhsilə böyük diqqət göstərilir. Təhsil bilik, elm, tərəqqi deməkdir. Hər bir dövlət, hər bir xalq öz təhsil sistemini daha da təkmilləşdirməyə çalışmalıdır. Bu istiqamətdə Azərbaycanda da işlər aparılır. Bilirsiniz ki, bu yaxınlarda müəyyən fərmanlar verilib, əminəm ki, bunlar gələcəkdə təhsilin inkişafına güclü təkan olacaqdır. Onu da qeyd etməliyəm ki, ölkəmizdə büdcənin 11,5 faizi təhsilə ayrılır. Yəni büdcədən ən çox bu sahəyə vəsait yönəldilir. Bu təbiidir. Çünki təhsil bizim gələcəyimizdir” – sözlər təkcə bu gün deyil, gələcəkdə də aktuallığını saxlayacaqdır. Silahlı Qüvvələrin Ali Baş Komandanının fikri bir daha göstərdi ki, Azərbaycan Ordusunun inkişafının müasir mərhələsində hərbi elm və təhsil sahəsində aparılan işlər qoşunlarda yüksək döyüş hazırlığının təmin edilməsinə, zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vətəni, xalqı və Prezidentinə hədsiz sədaqətinin və daima peşə hazırlığının inkişaf etdirilməsinə və tapşırılmış işə yüksək məsuliyyət hissi ilə yanaşmasına yönəlmişdir.