AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının 29 iyun 2021-ci il tarixli müvafiq sərəncamı ilə Azərbaycan Ordusunun tərkibində Quru Qoşunları yaradılıb.
Quru Qoşunları, Azərbaycan Ordusunun ən böyük qoşun vahidi olaraq ölkənin quru ərazilərinin müdafiəsini təmin edir, müharibə və hərbi əməliyyatlar zamanı döyüş tapşırıqlarını yerinə yetirir.
Quru Qoşunlarının əsas vəzifəsi ölkənin quru ərazilərini düşmən hücumlarından qorumaqdır. Müharibə və hərbi əməliyyatlar zamanı döyüşlərdə iştirak edir, sülh dövründə ölkənin silahlı müdafiəsi üzrə fəaliyyətləri həyata keçirir, beynəlxalq təlimlərə cəlb edilir.
Quru Qoşunları, ordunun digər qoşun (qüvvə) növləri (Hərbi Hava, Hərbi Dəniz və Xüsusi Təyinatlı Qüvvələr) ilə birlikdə qarşılıqlı fəaliyyət göstərir.
Quru Qoşunlarının tərkibinə tanklar, piyadaların döyüş maşınları, artilleriya və digər hərbi texnikalar, həmçinin şəxsi heyət daxildir.
Quru Qoşunları müxtəlif hərbi birlik və birləşmələrdən ibarətdir. Quru Qoşunları Ordu birlikləri və birbaşa tabelikdə olan müxtəlif birləşmələr (hərbi hissələr) şəklində təşkil olunub, o cümlədən tabeliyində motoatıcı, zirehli, komando, artilleriya və təminat birləşmələri var.
Quru Qoşunlarında təşkil olunan kurslar, yarışlar və müsabiqələr:
- ehtiyyatdan çağırılan və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları arasından seçilən namizədlərlə keçirilən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının kursu;
- Komando başlanğıc və Komando ixtisas hazırlıq kursları;
- 1-ci və 2-ci dərəcəli Snayper hazırlığı kursları;
- komandir hazırlığı toplanışları və məşğələləri;
- ixtisaslar üzrə mütəxəssis toplanışları;
- artilleriya ixtisası üzrə düşərgə toplanışları.