Azərbaycan Respublikası “Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə”yə (AASQM), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının “Təhlükəsizlik və Etimad Quruculuğu Tədbirlərinə dair Vyana Sənədi”nə (VS) tərəfdar çıxıb və müxtəlif öhdəlikləri yerinə yetirir. Bu məqsədlə “VS”ə əsasən Azərbaycan Respublikası öz silahlı qüvvələri barədə illik məlumat mübadiləsində iştirak edir və təqdim olunan məlumatlar əsasında iştirakçı dövlətlərdən inspeksiyalar qəbul edir, habelə digər iştirakçı dövlətlərdə inspeksiyalar keçirə bilir. 2025-ci ilin yanvarın 1-dək Azərbaycan Respublikasında iştirakçı dövlətlər tərəfindən “AASQM” çərçivəsində 140 inspeksiya keçirilib. ATƏT-in “VS”ə Azərbaycan Respublikası 4 mart 1992-ci il tarixdə Vyanada, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM-in) indiki Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının görüşündə qoşulub. 30 noyabr 2011-ci il tarixdə Vyanada, ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun (TƏF) 665-ci xüsusi iclasında TƏF-in FSC.DEC/14/11 nömrəli qərarına əsasən “VS” Azərbaycan Respublikası tərəfindən yenidən qəbul edilib.
2025-ci ilin yanvarın 1-dək Azərbaycan Respublikasında iştirakçı dövlətlər tərəfindən 79 inspeksiya və 36 qiymətləndirmə səfəri keçirilib.