Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Hərbi Elmi Tədqiqat İnstitutu

Hərbi Elmi Tədqiqat İnstitutu

Hərbi Elmi Tədqiqat İnstitutu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən, əlavə təhsil proqramlarını, ali təhsilin magistratura və adyunktura səviyyələrində kadr hazırlığını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi-elmi tədqiqatlar aparan xüsusi təyinatlı ali təhsil müəssisəsidir.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadr hazırlığı prosesinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 5 mart 2022-ci il tarixli, 1626 nömrəli fərmanı ilə Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutu yaradılmışdır. Hərbi Elmi Tədqiqat İnstitutu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının hüquqi varisidir.
Azərbaycan Ordusunda elmi fəaliyyət elmi biliklərin əldə edilməsinə, tətbiqinə və təbliğinə yönəlmiş proses olaraq hərb elminin inkişafı və onun nəticələrinin ölkənin müdafiə qüdrətinin yüksəldilməsi məqsədilə aparılan məqsədyönlü yaradıcılıq və təşkilatçılıq işidir. Elmi fəaliyyət Azərbaycan Ordusunun geniş funksiyası ilə əlaqəli məsələləri əhatə edir, ölkənin suverenliyi və ərazi bütövlüyünü təmin etmək məqsədilə ordu və hərbi təhlükəsizliyin müxtəlif hərbi-siyasi, taktiki-strateji, maddi-texniki, sosial, mənəvi-psixoloji, həmçinin hərbi təhsil və elm sisteminin problemlərinin öyrənilməsini təmin edir. Elmi fəaliyyətin məqsədi hərb elminin aktual problemləri üzrə elmi tədqiqatların aparılması, onun nəticələrinin ordu quruculuğunun təkmilləşdirilməsi və ölkənin müdafiə qüdrətinin yüksəldilməsində effektiv tətbiqi, həmçinin hərbi kadrlara hərbi-elmi biliklərin verilməsi, onların praktiki fəaliyyətində istənilən məsələnin həllinə elmi yanaşma bacarıqlarının formalaşdırılması, tapşırıqların yüksək elmi səviyyədə yerinə yetirilməsini təmin etməkdir.
Hərbi Elmi Tədqiqat İnstitutunun fəaliyyətinin məqsədi Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün ali təhsilin magistratura və adyunktura səviyyələri üzrə yüksəkixtisaslı mütəxəssislər, elmi və elmi-pedaqoji kadrlar hazırlanmasını, dövlət orqanlarının vəzifəli şəxslərinə hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsini, hərbi elmlər sahəsində elmi tədqiqat işlərinin aparılmasını və əlavə təhsil üzrə kadr hazırlığını həyata keçirməkdir.
Yüksəkixtisaslı kadrların hazırlanması elmi, elmi-pedaqoji, elmi-texniki və intellektual potensialın artırılmasına, elmi yaradıcılığın inkişafına və elmi biliklərin yayılmasının təmin edilməsinə xidmət edir. Yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan adyunkturada fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi verilməklə həyata keçirir. Təhsil qiyabi forma üzrə, həmçinin dissertantlıq yolu ilə də reallaşdırır.
Fəlsəfə doktoru proqramı üzrə ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə həkim-mütəxəssis), hərbi qulluqçular və mülki işçilər müsabiqə əsasında qəbul olunurlar. Mülki ali təhsil müəssisələrini bitirən hərbi qulluqçular iki ildən az olmayaraq xidməti təcrübəyə malik olmalıdırlar.
Fəlsəfə doktoru proqramı üzrə adyunkturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə isə 4 ildir.
Elmlər doktoru proqramı üzrə adyunkturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru” (“elmlər namizədi”) elmi (alimlik) dərəcəsi olan hərbi qulluqçular (mülki işçilər) qəbul edilirlər.
Elmlər doktoru proqramı üzrə adyunkturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə isə 5 ildir.
Müstəsna hallarda bütün təhsil formaları üzrə təhsil müddəti uzadıla bilər.
Adyunkturaya qəbul olunmaq üçün raportlar komanda üzrə qəbul ilinin 1 may tarixinə qədər hərbi hissələrin komandirlərinə, hərbi-elmi (elmi tədqiqat) və hərbi təşkilatların, ali təhsil müəssisələrinin rəislərinə verilir. Raportlar ona əlavə olunan sənədlərlə birlikdə 1 iyun tarixinədək komanda üzrə nəzdində adyunktura olan ali təhsil müəssisəsinin (elmi təşkilatın) rəhbərliyinə göndərilir. Adyunkturaya qəbul şərtləri hər il müvafiq vaxtda “Azərbaycan Ordusu” qəzetində dərc olunur.
Adyunkturaya qəbul olunmaq istəyən hərbi qulluqçular (mülki işçilər) 1 iyul tarixinədək müvafiq qaydada Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutuna ezam olunurlar. Namizədlərin intellektual səviyyəsi və elmi araşdırma işləri sahəsində qabiliyyətinin təyin edilməsi üçün onların hər biri ilə nəzərdə tutulan elmi rəhbər (elmi rəhbərlər) qəbul komissiyası üzvlərinin iştirakı ilə müsahibə (söhbətləşmə) keçirir.
Adyunkturaya qəbul olunmaq istəyənlər xarici dildən (ingilis, alman və fransız), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir.
Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar.
Adyunkturaya elmi-metodik rəhbərliyi və onun fəaliyyətinə nəzarəti Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutu həyata keçirir.