Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak

Beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak

“Kosovo Qüvvələri” Əməliyyatı
Azərbaycan Ordusunun sülhməramlı kontingenti 1999-cu ildən etibarən sülhməramlı əməliyyatlarda iştirak etməkdədir. Belə ki, 1999-cu ilin sentyabr ayından 2008-ci ilin mart ayınadək Azərbaycan Ordusunun sülhməramlı taqımı 34 nəfər şəxsi heyətlə (1 zabit, 1 gizir və 32 əsgər) NATO-nun rəhbərliyi altında Kosovoda sülhün yaradılması və dəstəklənməsi üzrə keçirilən əməliyyatlarda iştirak edib. Azərbaycan taqımı Türkiyə taborunun 4-cü mexanikləşdirilmiş piyada bölüyünün tərkibində Draqaş şəhərində xidmət aparıb. Brod yaşayış məntəqəsi sözügedən taqıma cavabdehlik ərazisi kimi təhkim edilib. Bu müddət ərzində Kosovoda 362 hərbi qulluqçu, o cümlədən 10 zabit, 7 gizir, 345 əsgər iştirak edib. 2008-ci ilin aprel ayında Kosovo Respublikasının müstəqilliyinin birtərəfli elan olunması ilə əlaqədar taqım tam heyətlə Kosovo bölgəsindən geri çağırılıb.
İraq Respublikası
BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qərarının tətbiqi məqsədilə Azərbaycan  Ordusunun Sülhməramlı bölüyü 15 avqust 2003-cü il tarixindən 7 dekabr 2008-ci il tarixinədək 152 nəfərlik şəxsi heyətlə (16 zabit, 16 gizir, 120 əsgər) İraqda Beynəlxalq Koalisiya Qüvvələri tərkibində xidmət etmişdir. Missiya dövründə İraqın Əl-Hədisə şəhəri yaxınlığında ABŞ Dəniz Piyadası Komandanlığı tərkibində su anbarının və su elektrik stansiyasının mühafizəsini həyata keçirən bölük, Koalisiya Qüvvələrinin İraqdan çıxması ilə əlaqədar 7 dekabr 2008-ci il tarixində missiyasını yekunlaşdıraraq geri qayıtmışdır.
“Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri” Missiyası
20 noyabr 2002-ci il tarixindən Azərbaycan Ordusunun 22 nəfərlik sülhməramlı taqımı Əfqanıstan İslam Respublikasında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) tərkibində fəaliyyət göstərməyə başlayıb. 15 yanvar 2008-ci il tarixdə Azərbaycanın Əfqanıstandakı sülhməramlı kontingentinin sayı 40 nəfərə çatdırılıb. 2 oktyabr 2009-cu il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi Əfqanıstandakı sülhməramlı kontingentin artırılması barədə qərar qəbul etmiş və 19 fevral 2009-cu il tarixindən Azərbaycan Ordusunun 90 nəfərlik sülhməramlı kontingenti Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatlarında Türk taboru tərkibində fəaliyyət göstərmişdir. Bölüyün şəxsi heyəti Kabil şəhərində yerləşən televiziya qülləsinin və ISAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini təmin etmiş və patrul xidmətini həyata keçirmişdir. 5 oktyabr 2010-cu il tarixində Azərbaycan NATO-nun Əfqanıstanda keçirdiyi ISAF üzrə əməliyyatlarında Azərbaycan Ordusunun töhfəsinin artırılması məqsədilə missiyaya əlavə olaraq 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə olmaqla, 4 zabit göndərmiş və sülhməramlı kontingentin sayı 94 nəfərə çatdırılmışdır.
“Qətiyyətli Dəstək” Missiyası
2015-ci ilin yanvar ayının 1-dən etibarən Azərbaycan sülhməramlıları Əfqanıstanda NATO-nun başçılığı ilə həyata keçirilən “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasında 6 aylıq rotasiya planına uyğun olaraq fəaliyyətə başlamışdır. İlkin mərhələdə 94 nəfərlik kontingent ilə xidmətə başlayan Azərbaycan Ordusu 9 yanvar 2018-ci il tarixdən missiyaya töhfəsini artırmaq məqsədilə şəxsi heyətinin sayını 120-yə çatdırmışdır. Missiyanın sona çatması ilə əlaqədar, Azərbaycan Ordusunun sülhməramlı qüvvələri 27 avqust 2021-ci ildə ölkəyə geri dönmüşlər.
Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Əməliyyatlarına töhfəsi
Azərbaycan Respublikasının beynəlxalq təhlükəsizliyə dəstəyinin davamı olaraq, Azərbaycan Ordusu 2019-cu ilin yanvar ayında BMT-nin Cənubi Sudan Respublikasında keçirdiyi Sülhməramlı Missiyaya (UNMISS) qoşulmuşdur. Azərbaycan Ordusu Missiyaya illik rotasiya qaydasında BMT hərbi müşahidəçisi qismində fəaliyyət göstərən 2 (iki) zabitlə töhfə verir.