Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Hərbi Hava Qüvvələri

HƏRBİ HAVA QÜVVƏLƏRİ

Azərbaycan Ordusunun xüsusi qoşun növü olan Hərbi Hava Qüvvələri Azərbaycan Respublikasının dövlət hava sərhədlərinin fasiləsiz qorunması, habelə havadan ola biləcək bütün təhdidlərə, hücumlara qarşı müdafiə, həmçinin Silahlı Qüvvələrin digər qoşun növlərinin döyüş tapşırıqlarının icrasında döyüş dəstəyi fəaliyyətini yerinə yetirir.
Azərbaycan Xalq Cümhuriyyətinin hərb naziri Səməd bəy Mehmandarovun təşəbbüsü ilə 1919-cu ildə (“Azərbaycan-Gürcüstan hərbi əməkdaşlıq müqaviləsi” əsasında) bir qrup azərbaycanlının Gürcüstanın Tiflisdəki Aviasiya məktəbinə hərbi təyyarəçi peşəsinə yiyələnmələri və kadr hazırlığı üçün ezam olunmaları, habelə həmin ilin avqust-sentyabr aylarında Aviasiya dəstə rəisi müavininin təyini və Aviasiya dəstəsinin ştatının təsdiqi Hərbi Hava Qüvvələrinin yaranma tarixi kimi əsas götürülür.
1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında Müdafiə Nazirliyinin strukturuna daxil olan qoşun növü kimi Hərbi Hava Qüvvələri 1992-ci ilin fevral ayının 14-də təsis olunmuşdur və həmin vaxtdan bu tarix “Hərbi Hava Qüvvələri Günü” kimi qeyd edilir. 
Hərbi Hava Qüvvələrinin arsenalında ilk təyyarə 1992-ci ilin aprel ayının 8-də Azərbaycan Respublikasının Milli Qəhrəmanı baş leytenant Vaqif Bəxtiyar oğlu Qurbanov tərəfindən keçmiş sovet ordusunun Sitalçay aerodromundan qaçıraraq gətirdiyi “Su-25” döyüş təyyarəsi olmuşdur. 
1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya qayıtdığı TU-134 markalı təyyarə hal-hazırda Qala aviasiya bazasında qorunub saxlanılır.
15 oktyabr 1997-ci ildə kadr hazırlığı üzrə mühüm tarixi hadisə kimi müstəqil Azərbaycan Respublikasında ilk milli hərbi təyyarəçilərin buraxılış mərasimi keçirilmişdir. Mərasimdə iştirak edən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bu tarixi hadisənin önəmini, əhəmiyyətini və məsuliyyətini ifadə edən nitqindən sitat: “Çox sevinirəm ki, indi milli şahinlərimiz var. Sevinirəm ki, bizim şahinlərimiz Azərbaycanın səmasını daim qorumağa, Azərbaycanın ərazisini qorumağa, Azərbaycanın müstəqilliyini qorumağa qadirdirlər.”
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev siyasi kursunun layiqli və uğurlu davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bu qoşun növünə ayırdığı diqqət və qayğı nəticəsində Hərbi Hava Qüvvələrinin modernləşdirilməsi, maddi-texniki bazanın, silah arsenalının və döyüş texnikalarının zənginləşdirilməsi, habelə strukturunda aparılan təkmilləşdirmə fəaliyyətləri Silahlı Qüvvələrin prioritet məsələləri sırasında mühüm yer tutur.
Bu gün ən müasir vasitələrlə təchiz edilmiş Hərbi Hava Qüvvələrinə mənsub peşəkar hərbçilər hər an dövlət hava sərhədlərinin qorunması istiqamətində döyüş fəaliyyəti aparmağa qadirdir.
Hərbi Hava Qüvvələrimiz Hərbi Hava Qüvvələri İdarəsi, Hava Döyüş Komandanlığı, Hava Döyüş Komandanlığı tərkibində Hava Hücumundan Müdafiə Diviziyası və Hava Təlim Komandanlığından ibarətdir.
Hərbi Hava Qüvvələri İdarəsi


Ali rəhbərliyin əmrləri, habelə təyin edilmiş vəzifənin icrası ilə əlaqədar Hərbi Hava Qüvvələrinin və tabeliyində olan bölmələrin fəaliyyətini tənzimləyən, müvafiq göstəriş və sərəncamları verən, habelə nəzarət edən orqandır.
Hərbi Hava Qüvvələrinə rəhbərlik etmişdir:
- general-mayor Vladimir Kravtsov – 1992

- general-leytenant Rail Rzayev – 1992-2009

- general-mayor Altay Mehdiyev – 2009-2013

- general-leytenant Ramiz Tahirov – 2014-2024
Azərbaycan Respublikası Prezidentinin 18.09.2024-cü il tarixli 293 nömrəli Sərəncamı ilə müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsinə təyin edilən Vətən Müharibəsi Qəhrəmanı, general-leytenant Namiq Sərəfruz oğlu İslamzadə Hərbi Hava Qüvvələrinə rəhbərlik edir.
Hava Döyüş Komandanlığı
Azərbaycan Respublikası Prezidentinin 24 may 2022-ci il tarixli 1689 nömrəli Fərmanına əsasən yaradılmış Hava Döyüş komandanlığı və tabeliyində olan Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2025-ci il tarixli 417 nömrəli Fərmanına əsasən yaradılmış Hava Hücumundan Müdafiə Diviziyası və bilavasitə tabeliyində olan zenit-raket briqadaları, radiotexniki alayları, pilotsuz uçuş aparatları briqadası, aviasiya bazaları vasitəsilə dövlət hava sərhədlərinin fasiləsiz kəşfiyyatı, qorunması, habelə havadan ola biləcək bütün təhdidlərə, hücumlara qarşı müdafiə fəaliyyətlərinin icrasını təmin edən idarəetmə orqanıdır. Ümumilikdə dövlət hava kəşfiyyatının aparılması üçün radiotexniki vasitələr, hava təhdidlərinə qarşı havadan müdafiə vasitələri, raketlər, hava hücumlarına qarşı döyüş təyyarələri, helikopterlərlə və pilotsuz uçuş aparatları ilə təchiz edilmişdir.
Hava Təlim Komandanlığı
Azərbaycan Respublikası Prezidentinin 24 may 2022-ci il tarixli 1689 nömrəli Fərmanına əsasən yaradılmış Hava Təlim Komandanlığı Hərbi Hava Qüvvələrinə mənsub hərbi qulluqçuların peşə hazırlığı səviyyəsinin yüksəldilməsini və təkmilləşdirilməsini, daim dəyişən və yenilənən şəraitə uyğunlaşmasını təmin edən idarəetmə orqanıdır.
Kadr potensialının inkişaf etdirilməsi, hərbi qulluqçuların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi məqsədilə Hava Təlim Komandanlığında aşağıdakı kurslar təşkil olunur:
- zabit ixtisaslaşma kursu;

- zabit heyətini təkmilləşdirmə kursu;

- ehtiyat zabit hazırlığı kursu;

- gizir ixtisas hazırlığı kursu;

- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu;

- gənc əsgərlərin ixtisas hazırlığı kursu.
Bütün bunlarla yanaşı Hava Təlim Komandanlığında hissə və bölmələrin döyüş heyətlərinin tətbiqinə hazırlığı üzrə nəzəri bilik və praktiki vərdişlərinin qiymətləndirilməsi, habelə təkmilləşdirilməsi məqsədilə təlim və tədris-məşq poliqonlarına çıxışı təşkil olunur.
Hava Təlim Komandanlığı tədrisin ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi istiqamətləri üzrə fəaliyyətlərini tabeliyindəki Hərbi Hava Qüvvələrinin Təlim və Tədris Mərkəzi, həmçinin Təlim Aviasiya Bazası vasitəsilə həyata keçirilir.
Hərbi Hava Qüvvələrinin Təlim və Tədris Mərkəzi – Hava Təlim Komandanlığında təşkil olunan kursların və fəaliyyətlərin əsas icraedici tərkib hissəsi olub, uçuş hazırlığı istisna olmaqla digər bütün kursların və hazırlıqların təşkili və həyata keçirilməsini təmin edir.
Təlim Aviasiya Bazası – Hərbi Hava Qüvvələrinin pilot və bort-texnik heyətinin hazırlığı üzrə təşkil olunan müxtəlif istiqamətli və səviyyəli kursların fəaliyyətini tənzimləyən və icra edən mərkəzdir.