Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Amerika Birləşmiş Ştatları, Almaniya Federativ Respublikası, Avstriya, Belarus Respublikası, Bəhreyn Krallığı, Bolqarıstan Respublikası, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Çin Xalq Respublikası, Çex Respublikası, Estoniya Respublikası, Fransa Respublikası, Gürcüstan, Xorvatiya Respublikası, İndoneziya Respublikası, İordaniya Haşimilər Krallığı, İran İslam Respublikası, İtaliya Respublikası, Koreya Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Latviya Respublikası, Litva Respublikası, Macarıstan, Moldova Respublikası, Nigeriya Federativ Respublikası, Özbəkistan Respublikası, Pakistan İslam Respublikası, Polşa Respublikası, Rusiya Federasiyası, Rumıniya, Serbiya Respublikası, Səudiyyə Ərəbistanı Krallığı, Sloveniya Respublikası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna və digər xarici ölkələrlə hərbi, hərbi-siyasi və hərbi-texniki sahələrdə, həmçinin bir sıra beynəlxalq təşkilatlarla müxtəlif istiqamətlərdə mövcud olan əməkdaşlığı ikitərəfli və çoxtərəfli əsasda ildən-ilə genişləndirərək inkişaf etdirir. Uğurlu beynəlxalq hərbi əməkdaşlıq aşağıda göstərilən əsas fəaliyyət sahələri üzrə həyata keçirilir:
Müdafiə və təhlükəsizlik:
• təhlükəsizlik üzrə əməliyyatlar (məsələn, dəniz təhlükəsizliyi, terrorçuluğa qarşı mübarizə qabiliyyətlərinin inkişaf etdirilməsi və s.);
• xüsusi əməliyyatlar (xüsusi təyinatlı qüvvələrin gücləndirilməsi);
• kiber-təhlükəsizlik;
• enerji təhlükəsizliyi;
• informasiya təhlükəsizliyi;
• qeyri-döyüş təxliyə əməliyyatları;
• təlimlərin keçirilməsi;
• hərbi təhsil;
• milli təhlükəsizlik və hərb elmləri;
• hava məkanının təhlükəsizliyi (hərbi hava və hava hücumundan müdafiə).
Çoxtərəfli hərbi əməkdaşlıq
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi regionda və region xaricindəki tərəfdaş ölkələrin silahlı qüvvələri ilə regional təhlükəsizliyin təmin olunması, beynəlxalq strateji əhəmiyyətli layihələrin mühafizəsi və beynəlxalq təhlükəsizliyə töhfə vermək məqsədilə çoxtərəfli əməkdaşlıq həyata keçirir.
Mövcud vasitələr, müvafiq plan və proqramlardan istifadə etməklə regionda qarşılıqlı maraqlar əsasında əməkdaşlığın genişləndirilməsi, Azərbaycan Ordusu ilə xarici dövlətlərin Silahlı Qüvvələri arasında uyarlılıq və qarşılıqlı fəaliyyət qabiliyyətinin yüksəldilməsi və buna nail olmaq üçün birgə təlimlərin keçirilməsi, hərbi təhsil müəssisələrində tələbə və mütəxəssislərin qarşılıqlı hazırlanması çoxtərəfli hərbi əməkdaşlığın əsas istiqamətləridir.
Fövqəladə hallar zamanı çoxtərəfli əməkdaşlıq çərçivəsində fəlakətlərin nəticələrinin aradan qaldırılmasına qarşılıqlı hazırlıq, axtarış və xilasetmə fəaliyyətlərinin təşkili, dəniz təhlükəsizliyinin təmin edilməsi, enerji və nəqliyyat infrastrukturunun mühafizəsi və gücləndirilməsi məqsədilə çoxtərəfli birgə təlimlər həyata keçirilir.
Azərbaycan Respublikası 24 sentyabr 1993-cü il tarixindən Müstəqil Dövlətlər Birliyinin üzvüdür. Azərbaycan Respublikası MDB çərçivəsində Ermənistan istisna olmaqla, digər bütün üzv ölkələrlə müxtəlif sahələrdə əməkdaşlıq həyata keçirir.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin müdafiə nazirləri şurasının və Baş Qərargah rəisləri komitəsinin iclaslarında və həmin qurumların qərarları əsasında keçirilən müəyyən tədbirlərdə iştirak edir.
Müdafiə Nazirliyi MDB-yə hərbi-siyasi dialoq platforması və MDB-yə üzv olan müvafiq dövlətlərlə ikitərəfli hərbi əməkdaşlığın genişləndirilməsinə imkanlar yaradan vasitə kimi yanaşır. Müdafiə Nazirliyinin MDB çərçivəsində fəaliyyətinin əsasını hərbi sahədə ikitərəfli əməkdaşlıq təşkil edir.
İkitərəfli hərbi əməkdaşlıq
İkitərəfli hərbi əməkdaşlıq Azərbaycan Ordusu ilə xarici dövlətlərin silahlı qüvvələri və hərbi sənaye kompleksləri arasında ikitərəfli əsasda aparılır. Bu əməkdaşlıq hər iki tərəfin maraqlarına xidmət etməlidir. Hazırda dünyanın 40-a yaxın ölkəsi ilə ikitərəfli əsasda hərbi əməkdaşlıq həyata keçirilir. İkitərəfli hərbi əməkdaşlığın üsulları aşağıdakılardır:
Xarici ölkələrin Silahlı Qüvvələri ilə əməkdaşlıq - Azərbaycan Ordusu ilə xarici ölkələrin silahlı qüvvələri və ya güc strukturları arasında həyata keçirilir. Əməkdaşlıqda maraqlı olan ölkə ilə illik əsasda ikitərəfli hərbi əməkdaşlıq planı və ya proqramı hazırlanır, imzalanır, həyata keçirilir və təhlil edilir.
Strateji hərbi əməkdaşlıq - Azərbaycan Respublikası ilə strateji tərəfdaşları arasında müdafiə sahəsində, xarici ölkələrin silahlı qüvvələri ilə əməkdaşlıq hədəflərinə əlavə olaraq, aşağıdakılara nail olunması üçün ən yüksək səviyyədə həyata keçirilir:
• tərəflərin maraqlarının bütün platformalarda qarşılıqlı müdafiə etmək;
• təhlükəsizliklə əlaqədar ortaya çıxan potensial təhdidləri müəyyən etmək və onlara qarşı mübarizə aparmaq üçün birgə fəaliyyət göstərmək;
• dünyada və regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına birgə töhfə vermək;
• müdafiə sənayesi və texnologiya bazasını inkişaf etdirmək üçün birlikdə işləmək, təchizat və texnologiyaların əldə edilməsi üzrə birgə layihələri həyata keçirmək;
• birgə təlimlər keçirmək;
• tərəflər arasında hərbi-siyasi məsləhətləşmələr aparmaq, müştərək maraq sahələrini araşdırmaq, yüksək səviyyəli iclas və görüşlər keçirmək;
• hərb elmi və təhsilini inkişaf etdirmək;
• məlumat mübadiləsi aparmaq.