Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 May 1998 00:01

Müdafiə Nazirliyinin məlumatı

Mayın 26-da Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik S.Əbiyev Almaniyanın ATƏT-in Minsk qrupunda Dağlıq Qarabağ üzrə səfiri Frank Lambaxı qəbul etmişdir.
Səfir F.Lambax 1997-ci ilin payızından Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqların aparılmasından və həmin ilin dekabrında Kopenhagendə ATƏT üzvü dövlətlərin Xarici İşlər nazirlərinin görüşündə Ermənistanın mövqeyi ucbatından heç bir sənədin qəbul edilməməsindən narahat olduğunu bildirmişdir. Bununla belə o, bu il Moskvada Azərbaycan və Ermənistan prezidentlərinin görüşməsindən və onların atəşkəs rejiminə sədaqət nümayiş etdirmələrindən razı qaldığını demişdir.
Müdafiə naziri bu münaqişəni Ermənistan tərəfinin başladığını, onun təcavüzkar olduğunu və məsələnin həllində qeyri-səmimi mövqedə dayanaraq dünya ictimaiyyətini aldatdığını, Azərbaycanı tərəf kimi Dağlıq Qarabağın erməni icması ilə danışıqlar aparmağa məcbur etmək istəyini qeyd etmişdir. O, bu münaqişədə Ermənistan Respublikasının və Dağlıq Qarabağ ermənilərinin eyni proqram üzrə hərəkət etdiklərini xüsusi vurğulamış və bunun təsdiqi kimi Ermənistanın indiki rəhbərliyinin əksəriyyətinin Dağlıq Qarabağ erməniləri olduğunu göstərmişdir.
Səfir F.Lambax Minsk qrupunun 1992-ci ilin mart mandatı üzrə hərəkət etdiyini, yəni Azərbaycanın və Ermənistanın danışıqlarda əsas tərəf, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmasının marağı olan tərəflər kimi iştirakını əsas götürdüyünü qeyd etmişdir. Sonra o, Ermənistanın və Dağlıq Qarabağın erməni icmasının rəhbərləri ilə apardığı son danışıqların məzmunu və onların çox mürəkkəb mövqeyi haqqında müdafiə nazirinə məlumat vermiş və öz təkliflərini ona bildirmişdir.
General-polkovnik S.Əbiyev səfir F.Lambaxa geniş fikir mübadiləsinə görə təşəkkürünü bildirərək söyləmişdir ki, Azərbaycan həmişə Lissabon sammitinin prinsipləri üzrə konstruktiv danışıqların tərəfdarıdır və Azərbaycan Respublikasının Silahlı Qüvvələri öz Ali Baş Komandanının iradəsilə atəşkəs rejimini davam etdirəcəkdir.