İyunun 2-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanı ordu generalı Hüseyn Kıvrıkoğlu və onun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik S.Əbiyevin dəvətilə Bakıya rəsmi səfərə gəlmişdir.
Binə hava limanında ordu generalı H.Kıvrıkoğlunu və nümayəndə heyətini Müdafiə naziri general-polkovnik S.Əbiyev, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qədri Ecvet Tezcan, səfirliyin hərbi attaşesi general-mayor Saldıray Bərk və digər rəsmi şəxslər qarşılamışlar.
Ordu generalı Hüseyn Kıvrıkoğlu və nümayəndə heyəti ilk olaraq Şəhidlər Xiyabanını ziyarət etmiş, Azərbaycanın istiqlalı uğrunda canlarını qurban vermiş qəhrəmanların xatirəsini yad etmiş və onların məzarı üzərinə əklil qoymuşdur.
Həmin gün Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik S.Əbiyev ordu generalı H.Kıvrıkoğlunu və nümayəndə heyətini qəbul etmişdir. Söhbət zamanı onlar 1996-cı il iyunun 10-da Ankarada Türkiyə və Azərbaycan Respublikaları Silahlı Qüvvələri arasında əməkdaşlıq barəsində imzalanmış Saziş çərçivəsində qəbul edilmiş öhdəliklərin yerinə yetirilməsi və əməkdaşlığın perspektivləri haqqında geniş fikir mübadiləsi etmişlər.
Ordu generalı H.Kıvrıkoğlunun Azərbaycana səfəri iyunun 4-dək davam edəcəkdir.