Mayın 25-də Azərbaycan Respublikasının Müdafiə Naziri general-leytenant S.Əbiyev Macarıstan Respublikasının Rusiya Federasiyası və Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dyord Nanovskini və səfirliyin hərbi attaşesi polkovnik Jiqmond Temeşvarini qəbul etmişdir.
Səfir D.Nanovski Bakıya gəlişinin səbəbini açıqlayaraq bildirmişdir ki, o, Macarıstan Prezidentinin tapşırığı ilə Prezident H.Əliyevi 75 illik yubileyi münasibətilə təbrik etmək və respublika rəhbərliyi ilə görüşmək üçün gəlmişdir. Səfir onun ölkəsinin Azərbaycana xüsusi maraq göstərdiyindən bəhs etmiş və naziri Macarıstanda mövcud olan ictimai-siyasi vəziyyətlə tanış etmişdir.
Hərbi attaşe polkovnik J.Temeşvari iki ölkənin hərbi əməkdaşlıq sahəsindəki perspektivlərindən, macar ordusunun yaranma tarixi, quruluşu, təhsil sistemi və xarici ölkələrlə əməkdaşlığı haqqında məlumat vermişdir.
Qonaqların suallarına cavab verən general-leytenant S.Əbiyev öz növbəsində Azərbaycan Silahlı Qüvvələri haqqında onlara məlumat vermiş, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri və nəticələri, Azərbaycan Respublikasının regiondakı geosiyasi və strateji əhəmiyyətindən danışmışdır. O, demişdir: “Mövcud olan çətinliklərə baxmayaraq Azərbaycan öz müstəqilliyini qətiyyətlə qoruyur və onun ərazisində heç bir xarici dövlətin əsgəri yoxdur”. NATO-ya münasibətini bildirən nazir demişdir ki, biz Şimali Atlantika İttifaqı ilə sıx əməkdaşlığa can atırıq.