Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 May 1998 00:01

Müdafiə Nazirliyinin məlumatı

Mayın 27-də Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik S.Əbiyev Kanadanın Türkiyə və Azərbaycan Respublikalarındakı səfirliyinin yeni təyin edilmiş hərbi attaşesi polkovnik Bryus Qriffini qəbul etmişdir.
Qonağı salamlayan Müdafiə naziri Azərbaycan Respublikasının bütün atributları ilə müstəqil dövlət kimi formalaşdığını və bu atributlardan birinin Azərbaycan Respublikası Silahlı Qüvvələri olduğunu bildirmiş və bu barədə ona məlumat vermişdir.
Özünü Müdafiə nazirinə təqdim edən polkovnik B.Qriffin hər yerdə səmimi qarşılandığını və Bakı görüşlərindən böyük təəssürat aldığını söyləmişdir.
Müdafiə naziri Azərbaycan Respublikasının dünyəvi, demokratik bir dövlət olduğunu, bütün dünya ölkələri, xüsusilə Qərb dövlətləri və ABŞ ilə hərtərəfli münasibətlər yaratmağa meyilli olduğunu, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində NATO ilə fəal əməkdaşlıq etdiyini və bu əlaqələrin daha da sıxlaşmasına can atdığını söyləmişdir.
Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə nikbin münasibət bildirən hərbi attaşe B.Qriffin Kanada-Azərbaycan hərbi əməkdaşlığının yaranmasına və inkişaf etməsinə əlindən gələn köməyi əsirgəməyəcəyini bildirmişdir.
General-polkovnik S.Əbiyev Azərbaycanın bu əməkdaşlığa hazır olduğunu bəyan etmiş, Ermənistan-Azərbaycan münaqişəsinin həllində Azərbaycan dövlətinin sülh yolunu seçdiyini, lakin Ermənistan tərəfinin dünya ictimaiyyətini aldadaraq məsələnin həllini hər vəchlə uzatdığını onun diqqətinə çatdırmışdır.