AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Mayın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Müdafiə, planlaşdırma və sərvətlərin idarəedilməsi İdarəsinin rəisi briqada generalı Şərafətdin Telyazanı qəbul etmişdir.
Mayın 14-də saat 18:00-dan 18:50-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Krasnoselsk rayonu ərazisində yerləşən yüksəkliklərdəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunun Sümüklü dağındakı mövqelərini atıcı silahlardan ara-sıra atəşə tutmuşlar.
Mayın 10-da Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini — Kadrlar və Hərbi Təhsil İdarəsinin rəisi polkovnik Məmməd Beydullayev Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə komissiyasının İşgəncələrə qarşı xüsusi məruzəçisi N.Rodlini qəbul etmişdir.
Mayın 10-da, Kosovoda beynəlxalq sülhməramlı qüvvələrin tərkibində xidmət edən Azərbaycan taqımının bir qrup əsgərinin həqiqi hərbi xidmətinin başa çatması ilə əlaqədar, onları əvəz edərək 7 nəfərin Türkiyə Respublikasına yolasalma mərasimi keçirilmişdir.
Mayın 8-də Azarbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi Xəritə Baş Komandanı general-leytenant Mehmet Başpınarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində mayın 8-dən 12-dək Moudon şəhərində (İsveçrə) Təbii fəlakətlər şəraitində tibbi xidmət etmə üzrə kurslar; Ankara şəhərində (Türkiyə) sülhün qorunub saxlanılmasında hava əməliyyatları üzrə seminar; Konstantsa şəhərində (Rumıniya) NATO-nun Maliyyə yarımqrupunun 51-ci görüşü keçirilir.
Həmin gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının ATƏT-in Minsk Qrupunda Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi səfir Keri Kavananın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Mayın 6-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Pakistan İslam Respublikası Milli Müdafiə Kollecinin dinləyicilərindən ibarət nümayəndə heyətini qəbul etmişdir.
Mayın 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev İtaliya Respublikasının Azərbaycan Respublikasıdakı fövqəladə və səlahiyyətli səfiri Alessandro Fallavolitanı, Türkiyə və Azərbaycan Respublikalarında yeni təyin olunmuş hərbi attaşesi I dərəcəli kapitan Tindaro Kalderoneni qəbul etmişdir.
Mayın 4-dən 8-dək Müdafiə Nazirliyinin Ordu İdman Klubunda sərbəst və yunan-roma güləşi üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin birinciliyi keçiriləcək.