Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 May 2000 00:01

Müdafiə Nazirliyinin məlumatı

Mayın 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev İtaliya Respublikasının Azərbaycan Respublikasıdakı fövqəladə və səlahiyyətli səfiri Alessandro Fallavolitanı, Türkiyə və Azərbaycan Respublikalarında yeni təyin olunmuş hərbi attaşesi I dərəcəli kapitan Tindaro Kalderoneni qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra İtaliya səfiri qəbul üçün ona təşəkkür etmişdir. Sonra isə İtaliyanın Türkiyə və Azərbaycan Respublikalarında yeni təyin olunmuş hərbi attaşesi I dərəcəli kapitan Tindaro Kalderoneni general-polkovnik S.Əbiyevə təqdim etmişdir.
Səfir İtaliya Respublikasının Azərbaycan-Avropa, Azərbaycan-Avroatlantika, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində Azərbaycan-NATO əlaqələrini yüksək qiymətləndirərək, İtaliya-Azərbaycan ikitərəfli əməkdaşlığının inkişaf yoluna çıxdığını söyləmişdir. O, qeyd etmişdir ki, bu əməkdaşlıq İtaliya-Azərbaycan hərbi əməkdaşlığını da əsaslandırır.
İtaliya səfiri Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həll edilməsi təşəbbüsünün böyük əhəmiyyətinin olduğunu, bu istiqamətdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərinin yüksək əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
 A.Fallavolita İtaliya Respublikasının ATƏT-in Minsk Qrupunun üzvü kimi bu münaqişənin dinc yolla həllini tapmasında və Azərbaycanın Avropa Şurasına qəbul olunması yolunda bütün  imkanlardan istifadə edəcəyini xüsusi qeyd etmişdir.
  General-polkovnik S.Əbiyev İtaliya səfiri ilə növbəti görüşünü yüksək qiymətləndirdiyini, Azərbaycan-İtaliya əməkdaşlığının getdikcə dərinləşdiyini və məhsuldar olduğunu bildirmişdir. O, yeni təyin olunmuş hərbi attaşeni təbrik etmiş, ona uğurlar arzulamışdır.
Müdafiə naziri “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində Azərbaycan-NATO əməkdaşlığının uğurla genişləndirildiyinə və dərinləşdiyinə yüksək qiymət verərək demişdir ki, biz bu günlərdə NATO-nun Hərbi Komitəsinin sədri admiral Quido Venturonini həm də İtaliya Respublikası Silahlı Qüvvələrinin nümayəndəsi kimi qəbul etdik. Nazir demişdir: “Azərbaycan-İtaliya əməkdaşlığı artıq gündəmdədir və bu əməkdaşlıq daha da dərinləşəcək. Əminəm ki, gələcəkdə Azərbaycan Silahlı Qüvvələrinin zabitləri İtaliya hərbi məktəblərində, İtaliya Silahlı Qüvvələrinin zabitləri isə Azərbaycanın hərbi məktəblərində təhsil alacaqlar”.
Müdafiə naziri Azərbaycan-İtaliya ikitərəfli hərbi əməkdaşlığının yüksək səviyyəyə qalxacağına inandığını bildirmişdir.
Sonra o, qonaqları maraqlandıran suallara cavab vermişdir.
Görüşdə Müdafiə Nazirliyi Beynalxalq Hərbi Əlaqələr İdarəsinin rəisi polkovnik Tofıq Salmanov iştirak etmişdir.