Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 May 2000 00:00

Müdafiə Nazirliyinin məlumatı

Həmin gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının ATƏT-in Minsk Qrupunda Dağlıq Qarabağ  münaqişəsi üzrə xüsusi nümayəndəsi səfir Keri Kavananın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.  
 Müdafiə naziri qonaqları salamladıqdan sonra bildirmişdir ki, Azərbaycan tərəfı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsinə böyük diqqət yetirir. Ermənistanda baş verən son hadisələr nəticəsində danışıqlar prosesinin dayandığı bir məqamda səfir K.Kavananın regiona səfəri böyük əhəmiyyət kəsb edir.   
Səfir K.Kavana Müdafiə nazirinə qəbul üçün təşəkkür etmiş və söyləmişdir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini reallaşdımaq üçün bizim tez-tez görüşməyimiz vacibdir.
O, Ermənistanın Xarici İşlər Naziri və Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüşləri barəsində Müdafiə nazirinə məlumat vermişdir. Səfir bu görüşlərin həm Ermənistan, həm də Azərbaycan üçün çox vacib olduğunu vurğulamışdır. O, demişdir ki, atəşkəsin qorunub saxlanılması çox zəruridir. O, Ermənistan rəhbərliyinin də bu fikirdə olduğunu xüsusi qeyd etmiş və bildirmişdir ki, Ermənistan tərəfi bizi əmin etdi ki, son siyasi hadisələr danışıqların başlanmasına maneçilik törətməkdədir. O, demişdir: “On gündən sonra Birləşmiş Millətlər Təşkilatının və müxtəlif beynəlxalq təşkilatların nümayandələri Cenevrədə münaqişə nəticəsində dağıdılmış ərazilərin bərpası və qaçqınların öz yerlərinə qaytarılması üzrə danışıqlar başlayacaqdır. Məsələnin həlli yolu hələlik aydın olmasa da, ərazilərin bərpasına hazırlıq işlərinin görülməsi çox maraqlıdır. Bu işləri hərbi sahədə də görmək olar. Şübhəsiz ki, Ermənistan Respublikası Silahlı Qüvvələrinin bölmələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmalı və sizin qoşunlar öz əvvəlki mövqelərinə qayıtmalıdırlar”.  
General-polkovnik S.Əbiyev səfirin bu səylərini müdafiə etdiyini bildirmiş, Azərbaycan torpaqlarının qaytarılmasının və orada infrastrukturun dərhal barpa edilməsinin zəruri olduğunu vurğulamışdır. Sonra o, Ermənistanda külli miqdarda uçotsuz silahın olduğunu və bu silahların çox hissəsinin Dağlıq Qarabağ ərazisində yerləşdirildiyini qonağın nəzərinə çatdırmış və təəssüflə qeyd etmişdir ki, bu vəziyyət regiondakı gərginlik amillərindən biri kimi qalmaqdadır.
 Müdafiə naziri atəşkəs məsələsində səfirlə həmrəy olduğunu söyləyərək qeyd etmişdir ki, Yerevanda baş verən oktyabr hadisələrindən sonra Ermənistan tərəfı atəşkəsi 42 dəfə pozmuşdur. Sonra o, Qafqaz regionundakı hərbi-siyasi vəziyyət barəsində səfirlə fikir mübadiləsi etmişdir.
General-polkovnik S.Əbiyev “Azadlığı dəstəkləmə Aktı”na 907-ci düzəlişin Azərbaycan-ABŞ münasibətlərinə ciddi maneə törətdiyini xüsusi vurğulamış və söyləmişdir ki, ABŞ işğalçı Ermənistana hər il yüz milyon dollar məbləğində yardım göstərdiyi halda, zərər çəkmiş Azərbaycana heç bir yardım göstərmir. O,  “Bütün bunlara baxmayaraq, Azərbaycan müstəqillik yolları ilə inamla addımlayır və bu məsələdə ABŞ-ın dəstəyinə ehtiyacımız olduğunu gizlətmirik. Biz Ali Baş Komandan Heydər Əliyevin iradəsinə uyğun olaraq, Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həllinin tərəfdarıyıq. Lakin münaqişədə olan iki dövlətin ordusu üz-üzə dayanmışdır. Deməli, təhlükə hər an baş verə bilər”.
Səfir K.Kavana fikrini davam etdirərək vurğulamışdır ki, sizin məqsədiniz aydın, yeritdiyiniz siyasət doğrudur. Biz də ABŞ-da bu fikirdəyik. İki düşmən hərbi qüvvə üz-üzə dayananda atəşkəsi qoruyub saxlamaq çox çətindir. Bu münaqişənin daha da dərinləşməsinə  aparıb çıxara bilər və hər iki ölkəninin demokratiya yolu ilə inkişafına maneçilik törədir.
Səfir onu da vurğulamışdır ki, Ermənistan tərəfinin əlində olan bu qədər silah onların köməyinə çatmayacaq. Çünki bu yol doğru yol deyildir. Lakin bu da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini yubatmamalıdır… Ümid verən budur ki, hər iki ölkənin rəhbərliyi bu məsələnin həllində sülh yoluna üstünlük verirlər. Doğru seçimdir. Sülhün qorunub saxlanılması isə əsasən siz hərbçilərin əlindədir.
Sonda Müdafiə naziri bildirmişdir ki, biz çox şadıq ki, ATƏT-in Minsk Qrupu və ABŞ Cənubi Qafqazda nəyin bahasına olursa-olsun, sülhü qoruyub saxlamaq əzmindədir. Hesab edirik ki, başlanğıc üçün “Azadlığı dəstəkləmə Aktı”na 907-ci düzəlişi aradan götürmək lazımdır.
 Səfir K.Kavana qeyd etmişdir ki, ABŞ  907-ci düzəlişin təsirini son dərəcə azaltmaq və NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində ABŞ-Azərbaycan ikitərəfli əməkdaşlığını dərinləşdirmək əzmindədir.
General-polkovnik S.Əbiyev səfir K.Kavanaya diplomatik fəaliyyətində uğurlar arzulamışdır.
Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Stenli Eskudero və hərbi attaşesi mayor Mitçel Biondiç iştirak etmişlər.