Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 May 2000 00:00

Müdafiə Nazirliyinin məlumatı

Mayın 6-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Pakistan İslam Respublikası Milli Müdafiə Kollecinin dinləyicilərindən ibarət nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Asma Anisa qəbul üçün ona öz təşəkkürünü bildirərək nümayandə heyətini təqdim etmiş və sözü nümayəndə heyətinin rəhbəri briqada generalı Vahed Arşad Çaudriyə vermişdir.
Briqada generalı V.A.Çaudri nümayandə heyətinin başçısı kimi Azərbaycana gəlişindən çox məmnun olduğunu bildirmişdir. Sonra o, Milli Müdafiə Kolleci haqqında Azərbaycanın Müdafiə nazirinə ətraflı məlumat vermiş, Azərbaycanın tanış olduqları hərbi məktəblərindən aldığı təəssüratı onunla bölüşmüşdür.
General-polkovnik S.Əbiyev görüşdə iştirak edən zabitləri, generalları və mülki şəxsləri bir daha salamlayaraq demişdir ki, Milli Müdafiə Kollecinin nümayəndə heyətlərinin Azərbaycanın Müdafiə naziri ilə görüşləri artıq ənənə halını almaqdadır. O, qeyd etmişdir ki, bu məsələdə Pakistanın Azərbaycana yeni səfirinin təyin edilməsi dönüş mərhələsi olmuş, bundan sonra Pakistanın və Azərbaycanın nümayəndə heyətləri bir-birini əvəz edəcək və iki dövlətin güc nazirlikləri arasında tanışlıq davam edəcəkdir.
Sonra Müdafiə naziri Azərbaycan Respublikasının tarixi, mədəniyyəti, müstəqillik uğrunda mübarizəsindən qonaqlara geniş söhbət açmış və qeyd etmişdir ki, Pakistan Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdəndir və biz Pakistanla digər sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığımızın inkişaf edəcəyinə inanırıq.
General-polkovnik S.Əbiyev, eyni zamanda, Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və nəticələri haqqında qonaqlara məlumat vermişdir. O, fikrini yekunlaşdıraraq təəssüflə qeyd etmişdir ki, Ermənistan Respublikası Avropada Adi Silahlar Haqqında Vyana sənədinin tələblərini pozaraq Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində külli miqdarda uçotsuz silahlar saxlayır ki, bu da Qafqaz regionunda sabitliyi pozan ümdə amillərdən biridir. O, demişdir: “Buna baxmayaraq, Azərbaycan öz müstəqilliyini möhkəmləndirir və Silahlı Qüvvələrini gündən-günə inkişaf etdirir. Azərbaycan Ordusu öz torpaqlarını müdafiə etmək və əgər düşmən döyüş əməliyyatlarına yenidən başlayarsa, zəbt edilmiş ərazilərini işğalçılardan azad etmək iqtidarındadır”.
Müdafiə naziri görüşün sonunda qonaqları maraqlandıran suallara cavab vermişdir.