AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində yanvarın 14-dən 17-dək Bled şəhərində (Sloveniya) “Kooperativ Key - 2002” təlimlərinin ilkin planlaşdırma konfransı, yanvarın 14-dən fevralın 1-dək Vişkov şəhərində (Çexiya) Sülhü qoruma əməliyyatları kursu, Brüssel şəhərində (Belçika Krallığı) isə yanvarın 15-dən 17-dək NATO-SNT rabitə və informasiya agentliyinin rəhbərliyi ilə simpozium və yanvarın 15-dən 21-dək NATO-nun “Veriti” işçi görüşü keçiriləcək.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev dekabrın 18-i və 19-da Brüssel şəhərində (Belçika Krallığı) keçirilən Avro-Atlantika Tərəfdaşlığı Şurası Müdafiə Nazirlərinin görüşündə iştirak etmişdir.
Dekabrın 24-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı yeni hərbi attaşesi general-mayor Ümit Kalenderi qəbul etmişdir.
Dekabrın 18-i və 19-da Brüssel şəhərində (Belçika Krallığı) Avro-Atlantika Tərəfdaşlığı Şurası Müdafiə Nazirlərinin görüşü keçiriləcəkdir.
Dekabrın 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Çjan Qotsyanı, yeni hərbi attaşe baş polkovnik Tszin Çjitsianqı və keçmiş hərbi attaşe polkovnik Yan Syuquanı qəbul etmişdir.
Dekabrın 7-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Əhməd Ünal Çeviközü qəbul etmişdir.
Dekabrın 6-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Klaus Qrevlixi qəbul etmişdir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün noyabrın 20-də Moskva şəhərinə yola düşmüşdür.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 21-də Tovuz rayonunun Azərbaycan-Ermənistan sərhədindəki Əlibəyli, daha sonra Ağdam kəndləri yaxınlığında, qoşunlarm təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Noyabrın 12-də Bakıda keçirilən NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində çoxmillətli, sülhməramlı komanda-qərargah “Kooperativ Determineyşn – 2001” təlimlərində mətbuat günü keçirilmişdir.