Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Avqust 2003 00:00

Müdafiə Nazirliyinin məlumatı

Avqustun 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Konqresinin Silahlı Qüvvələr Komitəsi sədrinin müavini cənab Kurt Veldonun rəhbərlik etdiyi konqresmenlər qrupunu qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra cənab K.Veldon səmimi qəbul üçün təşəkkür edərək, konqresmenləri ona təqdim etmişdir.
Sonra cənab K.Veldon Konqresin Silahlı Qüvvələr Komitəsinin gördüyü işin mahiyyəti, qrupun Rusiya Federasiyası, Şimali Koreya və digər ölkələrə səfəri barədə məlumat vermişdir. O, demişdir: “Azərbaycana səfərimiz bizim üçün böyük əhəmiyyət kəsb edir. Son on ildə Azərbaycan Silahlı Qüvvələrinin öz vətənini qorumaq məharətinə heyran olduğumuzu bildiririk”.
O, Azərbaycanın antiterror koalisiyasında fəal iştirak etdiyini vurğulayaraq qeyd etmişdir ki, gəlişimizin məqsədi Azərbaycan Parlamenti ilə əməkdaşlıq çərçivəsində uzun müddətli konkret proqramların həyata keçirilməsi haqqında razılığa gəlmək, ABŞ Konqresi və Azərbaycanın Milli Məclisi arasında rəsmi münasibətlərin yaradılmasını elan etməkdir.
Cənab K.Veldon fikrini yekunlaşdıraraq demişdir: “Biz istəyirik ki, Azərbaycan regionda bizim əsas müttəfiqimiz olsun və daim onunla məsləhətləşmələr aparaq”.
Sonra o, ABŞ-ın beynəlxalq terrorizmə, kütləvi qırğın silahlarının yayılmasına və digər təhlükələrə qarşı mübarizədə Azərbaycanla sabit şəkildə əməkdaşlıq etmək əzmində olduğunu bildirmişdir.
General-polkovnik S.Əbiyev cavab olaraq demişdir: “Bu təhlükələr dünyaya qarşıdır, ona görə də biz bu mübarizədə birləşməliyik. Çünki Azərbaycan keçmiş SSRİ məkanında ilk olaraq terror təhlükəsi ilə üz-üzə qalmış, işğalçı Ermənistan tərəfindən həyata keçirilən terror əməliyyatları nəticəsində minlərlə vətəndaşını itirmiş və minlərlə vətəndaşı şikəst olmuş ölkədir. Nəticədə Azərbaycan torpaqlarının 20 faizini itirmişdir. Azərbaycan bu gün də bu təzyiqlərə məruz qalmaqdadır. Çünki Ermənistan öz havadarları tərəfindən bu gün də silahlandırılır. Lakin bu bizi qorxutmur. Azərbaycan bir qarış torpağını da Ermənistanın işğalı altında qoymayacaqdır”.
General-polkovnik S.Əbiyev fikrinə davam edərək vurğulamışdır ki, bizi narahat edən məsələlərdən biri də beynəlxalq ictimaiyyətin Ermənistanı bu günə qədər işğalçı dövlət elan etməməsidir. Bizi təəccübləndirən bir də odur ki, hər il ABŞ dövləti işğalçı Ermənistana yüksək miqdarda təmənnasız yardım edir. Azərbaycana isə bu yardımın heç 50 faizini də vermir. O, demişdir: “Biz ABŞ-ı strateji müttəfiqimiz hesab edirik. “Azadlığı Dəstəkləmə Aktı”na 907-ci düzəlişin müvəqqəti ləğvindən sonra Azərbaycan-ABŞ münasibətləri daha da istiləşmiş, müxtəlif sahələrdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində əməkdaşlığımız güclənmişdir. Qeyd etməliyəm ki, artıq inşa olunan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft-boru kəmərinə və tezliklə inşasına başlanılacaq Bakı-Tbilisi-Ərzurum qaz kəmərinə ən böyük təhlükə Ermənistan-Azərbaycan münaqişəsidir. Elə buna görə də bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həll edilməlidir”.
Sonra general-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət, Azərbaycan-NATO əlaqələri və digər məsələlər barəsində konqresmenlərlə geniş fikir mübadiləsi etmişdir. O, demişdir: “ABŞ bizim siyasətimizi dəstəklədiyinə görə onun rəhbərliyinə təşəkkür edirəm. Bu dəstək bizi gücləndirir”.
Ətraflı məlumat üçün general-polkovnik S.Əbiyevə təşəkkür edən cənab K.Veldon demişdir: “Biz Azərbaycanla fəal əməkdaşlıq etmək niyyətindəyik. ABŞ Konqresi ilə Azərbaycan Milli Məclisi arasında rəsmi münasibətlərin yaradılması amerikalılara Azərbaycan həqiqətlərini geniş şəkildə çatdırmaq üçün imkan yaradacaqdır. Azərbaycan haqqında ABŞ-da informasiya güclənəcəkdir... Nəticədə ABŞ-da Azərbaycanın müstəqilliyinin qorunmasının nə qədər vacib olduğunu biləcəklər. Elə bu məqsədlə də biz beş nəfər konqresmen bu bölgədə məhz Azərbaycana səfər etmişik”.
Görüşdə Azərbaycan Milli Məclisi sədrinin müavini cənab Ziyafət Əsgərov və ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinin Müvəqqəti İşlər Vəkili xanım Nensi Makkeldoni iştirak etmişlər.