Sentyabrın 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Pakistan İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Şahid Kərimullahı və nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamlayaraq qeyd etmişdir ki, Azərbaycan-Pakistan münasibətləri Azərbaycan və Pakistan prezidentlərinin görüşündən sonra yaranmış və onun istiqaməti müəyyənləşmişdir. Azərbaycan və Pakistan Müdafiə Nazirlikləri əməkdaşlıq haqqında saziş imzalamışdır. Bizim zabitlərimiz Pakistanın ali hərbi məktəblərində öz təhsillərini davam etdirirlər. Buna görə biz Pakistan dövlətinin rəhbərliyinə minnətdarlıq edirik.
Admiral Ş.Kərimullah səmimi sözlərə görə general-polkovnik S.Əbiyevə təşəkkür edərək qeyd etmişdir ki, mən Azərbaycana səfər ərəfəsində ölkəmizin Prezidenti Pərviz Müşərrəf və Baş Nazirlə görüşdüm. Onlar salamlarını Sizə çatdırmağı məndən xahiş etdilər. O, demişdir: “Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. Bu, Pakistan xalqının Azərbaycan xalqına olan məhəbbətinin təzahürüdür”.
O, qeyd etmişdir ki, Azərbaycana səfərimin məqsədi Pakistan və Azərbaycan Müdafiə Nazirlikləri arasında imzalanmış Sazişin müddəalarının yerinə yetirilməsini davam etdirməkdir.
Sonra general-polkovnik S.Əbiyev Azərbaycan-Pakistan, Azərbaycan-Türkiyə münasibətlərinin uğurla inkişaf etməsi və Cənubi Qafqaz regionunda mövcud olan hərbi siyasi vəziyyət barəsində qonaqla ətraflı fikir mübadiləsi etmişdir.
Admiral Ş.Kərimullah zəngin iqtisadi imkanlara malik olan Azərbaycan xalqına güclü ordu yaratmağı arzulamışdır. O, qeyd etmişdir ki, Pakistan dövləti Azərbaycan dövlətini bütün məsələlərdə dəstəkləmişdir və bundan sonra da dəstəkləyəcəkdir.
Görüşdə Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birinci katibi cənab Müştaq Əhməd, Quru Qoşunlarının İran İslam Respublikası və Azərbaycan Respublikasındakı hərbi attaşesi briqada generalı Zahid Mübaşer Şeyx iştirak etmişlər.