Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Sentyabr 2003 00:00

Müdafiə Nazirliyinin məlumatı

Sentyabrın 11-də Azərbaycan Respublilasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Reno Xarnişi qəbul etmişdir.
Müdafiə naziri səfiri salamladıqdan sonra onu yeni təyinatı münasibətilə təbrik etmiş və missiyasını uğurla başa vurmasını arzulamışdır.
General-polkovnik S.Əbiyev 11 sentyabr hadisələrinin iki ilinin tamam olması ilə bağlı səfirə və həlak olanların ailələrinə başsağlığı vermiş və Azərbaycan xalqının Amerika xalqının dərdinə şərik olduğunu xatırlatmışdır. O, qeyd etmişdir ki, Azərbaycan xalqı həmin gün Amerika xalqının yanında idi, bu gün də onunladır və həmişə onunla olacaqdır.
Sonra general-polkovnik S.Əbiyev Azərbaycan xalqının ən böyük problemi olan Dağlıq Qarabağ məsələsinin həll edilməməsi ilə əlaqadər demişdir: “Bizi təəccübləndirən odur ki, dünya ictimaiyyəti bu günədək Ermənistan dövlətini aqressor adlandırmamış və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bu məsələ ilə əlaqədar qəbul etdiyi dörd qətnamənin icrasını Ermənistandan tələb etmir”.
Səfir R.Xarniş səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edərək qeyd etmişdir ki, ilk növbədə Sizə çatdırıram ki, Amerika xalqı Prezident Heydər Əliyevin tezliklə sağalıb Vətənə qayıtmasını arzulayır. İkincisi, Amerika xalqı 11 sentyabr hadisələrini bir gün də unutmur və həlak olanların xatirəsini yad etdiyinizə görə Sizə təşəkkür edirəm. O, demişdir: “Bu hadisə Amerika xalqının beynəlxalq terrorizmlə mübarizə əzmini daha da artırmışdır. Bu işdə dostlarımızın, o cümlədən Azərbaycan dövlətinin əməyini yüksək qiymətləndiririk. Azərbaycan Silahlı Qüvvələri taqımının Əfqanıstanda olması beynəlxalq terrorizmlə mübarizədə Azərbaycanın Amerikanı dəstəkləməsinə gerçək sübutdur. ABŞ Bakını özünün yaxın dostu hesab edir...”
Cənab R.Xarniş Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsinə toxunaraq demişdir ki, bu il obyektiv səbəblərdən münaqişənin həllində irəliləyiş olmamışdır. ABŞ, yəqin Azərbaycan da güman edir ki, biz bu məsəlinin həllində irəli gedə biləcəyik. ABŞ Minsk Qrupunun həmsədri olaraq münaqişənin həllinə öz payını verəcəkdir.
Sonra general-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət və Azərbaycan-ABŞ əlaqələri, o cümlədən hərbi əlaqələri haqqında Amerika səfiri ilə geniş fikir mübadiləsi etmişdir.