Sentyabrın 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO-nun Tərəfdaşlığın Koordinasiya Qrupunun direktoru diviziya generalı Rıfqı Durusoyu qəbul etmişdir.
Müdafiə naziri qonağı salamladıqdan sonra onu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik etmişdir.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, Azərbaycan-NATO əlaqələri yüksək səviyyədədir və ildə NATO-nun təxminən 300-dək tədbirində iştirak edirik. Azərbaycanın hərbi təhsil sistemi NATO standartlarına keçmişdir. Hazırda NATO ilə fərdi əməkdaşlıq proqramı üzərində işləyirik.
Diviziya generalı R.Durusoy səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edərək söyləmişdir ki, mən yeni vəzifəyə təyin edildikdən sonra ilk səfərimi Azərbaycana etmişəm. Azərbaycan-NATO münasibətləri dediyiniz kimi yüksək səviyyədədir və biz bundan sonra da bu münasibətlərin yaxşılaşması istiqamətində Azərbaycana hər cür məsləhət verməyə və yardım etməyə hazırıq.
General-polkovnik S.Əbiyev Azərbaycan-NATO əlaqələrinin bundan sonra da genişlənəcəyini vurğulayaraq demişdir ki, biz NATO-nun yeni-yeni proqramlarında iştirak etməyə hazırıq.