AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Oktyabrın 31-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Dövlət katibinin yeni müstəqil dövlətlər üzrə xüsusi məsləhətçisi, xüsusi tapşırıqlar üzrə səfir Stiven Sestanoviçi və ABŞ-ın ATƏT-in Minsk Qrupunda Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Keri Kavanonu qəbul etmişdir.
Oktyabrın 30-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Senatı Xarici Əlaqələr Komitəsinin üzvləri və ABŞ Avropa Məsələləri üzrə Peşəkar Qərargahının baş üzvləri Maykl Vestfalı və Yan Bjezinskini qəbul etmişdir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 30-da Ermənistan-Azərbaycan cəbhəsinin Tərtər rayonunun Qızıloba yaşayış məntəqəsi sahəsində, qoşunların təmas xəttində monitorinq keçiriləcək.
Avropada Adi Silahlı Qüvvələr haqqında Müqaviləyə uyğun olaraq, oktyabrın 31-i və noyabrın 1-də Hollandiya Silahlı Qüvvələri nümayəndələrinin rəhbərliyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində inspeksiya keçiriləcək.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 26-da Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində keçirilən növbəti iclasında iştirak etmişdir.
Oktyabrın 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən növbəti iclasında Rusiya Federasiyasına məxsus silah və hərbi texnikanın Ermənistan Respublikasına göndərilməsi barədə bəyanatla çıxış etmişdir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün oktyabrın 25-də Tacikistanın paytaxtı Düşənbə şəhərinə yola düşmüşdür.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində oktyabrın 23-dən 27-dək Lüsern şəhərində (İsveçrə) Silahlı Qüvvələrin şəxsi heyətinin fərdi hazırlığı və təhsili üzrə işçi qrupun görüşü; Oberammergau şəhərində (Almaniya Federativ Respublikası) ehtiyat qüvvələri və səfərbərliyin keçirilməsi üzrə NATO kursları; Ankara şəhərində (Türkiyə Respublikası) sülhü dəstəkləmə əməliyyatlarının təşkilində hərbi müşahidəçilər üçün kurslar və oktyabrın 23-dən noyabrın 3-dək İstanbul şəhərində (Türkiyə Respublikası) sülhü dəstəkləmə əməliyyatlarının keçirilməsində quru qoşunları, hərbi dəniz qüvvələri və hərbi hava qüvvələrinin qarşılıqlı fəaliyyəti üzrə kurslar keçiriləcək.
Oktyabrın 19-da saat 21:50-dən 22:30-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdam rayonunun işğal olunmuş Tağıbəyli kəndinin şimal-şərqindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Təzəkənd yaşayış məntəqəsindəki mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Oktyabrın 13-də Azərbaycan Respublikasının Müdafiə naziri — general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Ross Uilsonu qəbul etmişdir.