Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Oktyabr 2000 00:00

Müdafiə Nazirliyinin məlumatı

Oktyabrın 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən növbəti iclasında Rusiya Federasiyasına məxsus silah və hərbi texnikanın Ermənistan Respublikasına göndərilməsi barədə bəyanatla çıxış etmişdir. Bəyanatda deyilir:
"Böyük miqdarda Rusiya silah və texnikasının Ermənistan Respublikasına göndərilməsinin davam etdirilməsi faktı ilə bağlı Azərbaycan Respublikasının son dərəcə narahatlığını ifadə etməyi vacib bilirəm.
Bu problem artıq son bir neçə il ərzində gündəlikdədir və bütün Qafqaz regionundakı vəziyyətə son dərəcə mənfi təsir göstərir.  
1993-96-cı illər ərzində bir milyarddan artıq ABŞ dolları məbləğində Rusiya silahlarının qeyri-qanuni yolla Ermənistana verilməsi barəsində məsələ bu günədək həll edilməyib.
Azərbaycan bu problemin həll edilməsi xahişilə Rusiya Federasiyasına dəfələrlə müraciət edib, lakin biz Rusiya tərəfindən qarşılıqlı münasibət görmürük. Üstəlik, son illər Rusiya Ermənistana əlavə olaraq müasir silah və texnika göndərmiş, yeni iri aviasiya qruplaşması yaradılmışdır.
Heç kəsə sirr deyil ki, Ermənistana göndərilan silah və texnikanın əksər hissəsi Ermənistan tərəfindən sonradan Azərbaycanın işğal olunmuş ərazilərinə ötürülür. Məhz buna görə də hazırda işğal altındakı Azərbaycan torpaqlarında Ermənistan böyük miqdarda silah və texnika cəmləşdirmişdir.
Azərbaycan Respublikası Avropada Adi Silahlar Haqqında Müqavilə ilə məhdudlaşdırılmış sənədə əsasən Gürcüstanla Rusiya Federasiyası arasında Gürcüstanda yerləşdirilmiş Rusiya silah və texnikasının ixtisarı haqqında İstanbul sammitində əldə olunmuş razılaşmanı alqışlayır. Biz bu məsələ ilə əlaqədar ikitərəfli Gürcüstan-Rusiya danışıqlarının gedişini diqqətlə izləyirik. Lakin Gürcüstandan çıxarılan texnikanın xeyli miqdarının Ermənistana verilməsi bizi ciddi narahat edir.
Rusiya Federasiyasının bu qəbildən olan hərəkətləri regionda onsuz da kövrək olan vəziyyəti daha da sarsıdır.
Rusiya-Ermənistan hərbi əməkdaşlığı bütün Cənubi Qafqaz üçün real təhlükədir. Belə hərəkətlər Birliyin normaları və ruhu ilə ziddiyyət təşkil edir, qarşılıqlı anlaşma və əməkdaşlığın inkişafı yolunda ciddi maneələr yaradır və bütün Birlik məkanının təhlükəsizliyini təhdid edir.
Zənnimcə, bu problemin həllində irəliləyişin olmaması Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli perspektivlərini uzaqlaşdırır və Müstəqil Dövlətlər Birliyinin nüfuzuna xələl gətirir.
Diqqətinizə görə minnətdaram".