Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Oktyabr 2000 00:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 26-da Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində keçirilən növbəti iclasında iştirak etmişdir.
İclasa sədrlik edən Rusiya Federasiyasının Müdafiə naziri marşal İqor Sergeyev məlumat verdi ki, tədbirdə Azərbaycan Respublikasının, Ukraynanın, Belorusun, Tacikistan Respublikasının Müdafiə nazirləri, digər ölkələrin isə hərbi nümayəndələri iştirak edirlər.
Tacikistan Respublikasının prezidenti İmoməli Raxmonov çıxış edərək forum iştirakçılarını salamladı və onun işinə uğurlar arzuladı.
İclasın gündəliyinə uyğun olaraq Tacikistan Respublikasının Müdafiə naziri general-polkovnik Şirəli Xayrulloyev "Mərkəzi Asiya regionunda hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri" mövzusunda çıxış etdi.     
Müzakirələrdə söz alan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Bəyanatla çıxış etdi. O, Rusiya Federasiyasının Ermənistanla strateji hərbi əməkdaşlığının Cənubi Qafqazda hərbi-siyasi vəziyyəti getdikcə gərginləşdirdiyini xüsusi qeyd etdi. O, dedi: "Rusiya-Ermənistan hərbi əməkdaşlığı bütün Cənubi Qafqaz üçün real təhlükəyə çevrilmişdir. Belə hərəkətlər Müstəqil Dövlətlər Birliyinin normalarına və ruhuna ziddir, qarşılıqlı anlaşma və əməkdaşlığın inkişafı yolunda da ciddi maneələr yaradır və bütün Birlik məkanının təhlükəsizliyini təhdid edir".  
Azərbaycanın Müdafiə naziri Bəyanatın sonunda Ermənistan-Azərbaycan münaqişəsinin bu günəcən sülh yolu ilə öz həllini tapmamasında Rusiya Federasiyası-Ermənistan intensiv hərbi əməkdaşlığı amilinin xüsusi rol oynadığını vurğuladı.
Marşal İ.Sergeyev general-polkovnik S.Əbiyevin Bəyanatına münasibət bildirərək qeyd etdi ki, Rusiya Federasiyası prezidenti V.Putinin Fərmanına uyğun olaraq, Rusiya Federasiyasının Müdafiə Nazirliyi münaqişədə olan tərəflərə silah vermir. Gürcüstandakı Rusiya hərbi bazalarından çıxarılan zirehli texnikanın bir hissəsinin Rusiya Federasiyasının Ermənistan Respublikası ərazisindəki 102-ci hərbi bazasına verilməsi oradakı texnikanın təzəsi ilə əvəz edilməsi məqsədini daşıyır.
Gündəlikdəki məsələlərin müzakirəsi bitdikdən sonra general-polkovnik S.Əbiyev təklif etdi ki, Azərbaycan Respublikası Müdafiə nazirinin Bəyanatı iclasın son sənədinə daxil edilsin.
Sonda qərara alındı ki, MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası 2001-ci ilin yanvarında Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilsin.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Rusiya Federasiyasının Müdafiə naziri marşal İ.Sergeyev ilə təkbətək görüş keçirdi.
İclas bitdikdən sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün mətbuat konfransı keçirildi.
General-polkovnik S.Əbiyev "Mir" Beynəlxalq Teleradio Şirkətinin və "Mayak" radiosunun xüsusi müxbirinə müsahibə verdi.
Nümayəndə heyəti oktyabrın 26-da axşam Bakıya qayıtmışdır.