Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Oktyabr 2000 00:02

Müdafiə Nazirliyinin məlumatı

Oktyabrın 30-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Senatı Xarici Əlaqələr Komitəsinin üzvləri və ABŞ Avropa Məsələləri üzrə Peşəkar Qərargahının baş üzvləri Maykl Vestfalı və Yan Bjezinskini qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra Maykl Vestfal vaxt tapıb onları qəbul etdiyi üçün ona təşəkkür etmişdir. O, qeyd etmişdir ki, Qafqaz və Mərkəzi Asiya onların tədqiqat obyektidir və ABŞ-da prezidentliyə seçkiqabağı kampaniyanın gedişində strateji region olan Azərbaycanla əməkdaşlığın ən vacib istiqamətlərini müəyyən etmək üçün Bakıya gəlmişlər.
General-polkovnik S.Əbiyev Qafqaz regionundakı ictimai-siyasi vəziyyətlə qonaqları tanış etdikdən sonra demişdir ki, SSRİ dağıldıqdan sonra burada qəsdən "qaynar nöqtələr" yaradıldı — bunların birincisi və sürətlisi Ermənistan-Azərbaycan münaqişəsidir.
O, iki dövlətin münasibətlərinə toxunaraq qeyd etmişdir ki, Azərbaycan ABŞ-ı özünün tərəfdaşı hesab edir, ancaq ABŞ-da sanki bunu görmürlər. Çünki ABŞ Konqresi Azərbaycana dövlət yardımını qadağan edən "Azadlıq Aktı"na 907-ci düzəlişi qüvvədə saxlayır, Azərbaycan ərazilərinin 20%-ni zəbt etmiş işğalçı Ermənistana isə ildə 100 milyon dollardan artıq dövlət, ondan da çox isə qeyri-hökumət yardımı göstərir. Nazir qeyd etdi ki, işğalçı Ermənistan bu pulları yalnız öz havadarlarından silah almağa sərf edir. Azərbaycan isə bu məsələdə ABŞ-ın dəstəyini hiss etmir.
Cənab M.Vestfal GUÖAM-ın bugünkü vəziyyətilə maraqlandıqda, general-polkovnik S.Əbiyev bildirmişdir ki, GUÖAM perspektivli bir qurumdur, lakin ona da inkişaf etmək üçün siyasi dəstək və yardım etmək lazımdır.
General-polkovnik S.Əbiyev bu yaxınlarda uydurma "erməni soyqırımı" məsələsinin Konqresin Nümayəndələr Palatasında müzakirəsinə  toxunaraq demişdir: "Uzağa getmək lazım deyil, işğalçı Ermənistanın Silahlı Qüvvələri 1992-ci ilin fevralında Xocalını əhalisi ilə birlikdə yerlə yeksan edib yandırdı. Bu gün Azərbaycanın 1 milyondan artıq əhalisi öz torpağında evsiz-eşiksiz qalıb, çadırlarda yaşayır. Soyqırımı budur".
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvləri Maykl Vestfal və Yan Bjezinski 907-ci və "erməni soyqırımı” məsələlərinə münasibət bildirərək demişlər ki, biz arzu edirik ki, Azərbaycan xalqı indi öz qüvvəsini uydurma "erməni soyqırımı" haqqında müzakirələrə yox (onsuz da bu qətnamənin heç bir real bazası yoxdur), 907-ci düzəlişin ləğv edilməsi istiqamətində erməni diasporuna qarşı mübarizəyə səfərbər etsin.
Qonaqları maraqlandıran digər suallara cavab verən general-polkovnik S.Əbiyev fikrini yekunlaşdıraraq demişdir: "Əgər ABŞ Konqresi Cənubi Qafqazda sülhə nail olmaq istəyirsə, onda Ermənistana hər cür yardımı dayandırmağı nəzərdə tutan qərar qəbul etsin. Belə olduqda, Ermənistan sürətlə silahlanmanı dayandıracaq, bu regionda sülh bərqərar olacaqdır".
Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı hərbi attaşesi mayor Mitçel Biondiç iştirak etmişdir.