AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində oktyabrın 16-dan 20-dək Brüssel şəhərində (Belçika Krallığı) partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə işçi qrupunun görüşü keçirilir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynanın Müdafiə Naziri ordu generalı Aleksandr Kuzmukun dəvətilə oktyabrın 10-dan 11-dək Kiyev şəhərində rəsmi səfərdə olmuşdur.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynanın Müdafiə naziri ordu generalı Aleksandr Kuzmukun dəvətilə oktyabrın 10-da Kiyev şəhərinə rəsmi səfərə yola düşmüşdür.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində oktyabrın 8-dən 10-dək Bratislava şəhərində (Slovakiya) Mülki Müdafiə komitəsinin seminarı; oktyabrın 9-dan 14-dək İstanbul şəhərində (Türkiyə Respublikası) tərəfdaşlıq ruhunda "Peacefull Star-2000" sülhməramlı təlimləri; oktyabrın 9-dan 19-dək Aaxen (Almaniya Federativ Respublikası) şəhərində Silahlı Qüvvələrin maddi-texniki təminatı üzrə, oktyabrın 9-dan 20-dək isə Oberammergau (Almaniya Federativ Respublikası) şəhərində Avropada Adi Silahlı Qüvvələr haqqında müqaviləyə uyğun olaraq silahlar üzərində nəzarətin həyata keçirilməsini yoxlamaq məqsədilə inspeksiya aparılması üzrə kurslar keçirilir.
Oktyabrın 5-də saat 00:15-dən 00:45-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Berd rayonunun Aygedzor yaşayış məntəqəsinin şimalında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki Aran dağında yerləşən mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
Oktyabrın 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Jan Pyer Ginyutu, Fransa Respublikasının Gürcüstanda və Azərbaycan Respublikasında yeni təyin edilmiş hərbi attaşesi polkovnik-leytenant Fransis Monkobeki qəbul etmişdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində oktyabrın 2-dən 13-dək Oberammergau şəhərində (AFR) kütləvi qırğın silahları haqqında xəbərdar etmə və informasiya ötürmə sistemi üzrə NATO kursları, oktyabrın 2-dən 6-dək Brüssel şəhərində (Belçika Krallığı) NATO üzvü və tərəfdaş dövlətlərin maliyyə qrupu ekspertlərinin görüşü keçirilir.