Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynanın Müdafiə Naziri ordu generalı Aleksandr Kuzmukun dəvətilə oktyabrın 10-dan 11-dək Kiyev şəhərində rəsmi səfərdə olmuşdur.
Azərbaycan Respublikasının Müdafiə nazirini Kiyevin Borispol hava limanında Ukrayna Müdafiə Nazirinin müavini general-polkovnik İvan Bejan və digər rəsmi şəxslər qarşılamışlar.
Ukraynanın Müdafiə Nazirliyində Azərbaycan nümayəndə heyətinin təntənəli qarşılanma mərasimi olmuş və sonra burada nümayəndə heyətinin qəbulu keçirilmişdir.
Ukraynanın Müdafiə Naziri ordu generalı Aleksandr Kuzmuk nümayəndə heyətini səmimi salamlayaraq bildirmişdir ki, Ukrayna dövlətinin Azərbaycan dövlətinə xüsusi münasibəti və rəğbəti vardır.
General-polkovnik Səfər Əbiyev səmimi qəbul üçün təşəkkür etdikdən sonra vurğulamışdır ki, Azərbaycan-Ukrayna əməkdaşlığı (o cümlədən hərbi əməkdaşlığı) strateji xarakter daşıyır. Hər iki nazir qeyd etmişdir ki, Azərbaycan-Ukrayna hərbi əməkdaşlığı ikitərəfli münasibətlər, NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramı və GUÖAM çərçivəsində inkişaf edir. Bu əməkdaşlıq hərbi-texniki, hərbi-elmi, kadr hazırlığı və digər sahələri əhatə edir.
Hər iki Müdafiə naziri eyni zamanda öz ölkələri daxilində baş verən ictimai-siyasi hadisələr, iqtisadiyyatın inkişafı, Silahlı Qüvvələrdəki vəziyyət və aparılan islahatlar barəsində nümayəndə heyətlərinə ətraflı məlumat vermişdir.
Sonra "2001-ci il üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Ukrayna Müdafiə Nazirliyi arasında Əməkdaşlıq Proqramı” imzalanmışdır. Proqramı Azərbaycan tərəfdən general-polkovnik Səfər Əbiyev, Ukrayna tərəfdən ordu generalı Aleksandr Kuzmuk imzalamışlar.
İmzalanma mərasimindən sonar Kütləvi İnformasiya vasitələri üçün mətbuat konfransı keçirilmişdir. Müdafiə nazirləri mətbuat konfransında bildirmişlər ki, Azərbaycan-Ukrayna hərbi əməkdaşlığı dayanmadan dərinləşir və genişlənir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndə heyətinin Kiyevə rəsmi səfəri buna sübutdur. Nazirlər jurnalistlərin suallarına cavab olaraq GUÖAM çərçivəsində hərbi əməkdaşlığın gələcək perspektivləri, müştərək sülhməramlı taburun yaradılmasının məqsədi, 2001-ci il üçün imzalanmış Ukrayna-Azərbaycan hərbi əməkdaşlığının mahiyyəti və digər məsələlər barəsində onlara məlumat vermişlər.
Rəsmi səfər zamanı Ukrayna Prezidenti Leonid Kuçma general-polkovnik S.Əbiyevi qəbul etmişdir. Prezident qeyd etmişdir ki, o, bütün sahələrdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində Ukrayna-Azərbaycan münasibətlərinə böyük əhəmiyyət verir. İki dövlətin Müdafiə nazirləri isə əməkdaşlığın əsas istiqamətlərini müəyyən etməlidirlər. Hərbi əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi üçün dövlət başçıları tərəfindən hər bir şərait yaradılacaqdır.
Qəbul üçün Ukraynanın dövlət başçısına minnətdarlıq edən general-polkovnik S.Əbiyev Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin salamlarını ona çatdırmış və göndərdiyi məktubu təqdim etmişdir.
Müdafiə naziri sonra Ukraynada keçirdiyi görüşlər, 2001-ci il üçün imzalanmış hərbi əməkdaşlıq proqramı, Ermənistan-Azərbaycan münaqişəsinin vəziyyəti və Ermənistan dövlətinin havadarları tərəfindən durmadan silahlandırılması haqqında Prezident L.Kuçmaya ətraflı məlumat vermişdir.
Səfər zamanı general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynanın Baş Naziri Viktor Yuşşenko, Verxovnı Rada sədrinin birinci müavini Viktor Medveçuk və Xarici İşlər naziri Anatoli Zlenko tərəfindən qəbul edilmişdir.
Bütün görüşlərdə general-polkovnik S.Əbiyev vurğulamışdır ki, Azərbaycan-Ukrayna əməkdaşlığının yüksələn xəttlə inkişaf etməsi, Böyük İpək Yolu, TRASEKA, Bakı-Ceyhan neft kəməri, GUÖAM çərçivəsində əməkdaşlıq və digər beynəlxalq iqtisadi proqramlarda birgə iştirak etmək, Avropa strukturlarına inteqrasiya, NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində əməkdaşlıq və digər məsələlərdə Azərbaycan və Ukraynanın mövqelərinin üst-üstə düşməsi iki dövlətin münasibətlərinin böyük gələcəyindən xəbər verir.
Keçirilən görüşlərdə general-polkovnik Səfər Əbiyev Ermənistan-Azərbaycan münaqişəsinin yaranma səbəblərinə, onun nəticələrinə geniş yer vermiş və demişdir: "Bu vaxta qədər Azərbaycan torpaqlarının 20%-ni işğal etmiş Ermənistan təcavüzkar dövlət kimi öz qiymətini almamışdır. Yaxşı olardı ki, Azərbaycanın haqq işini bütün sahələrdə dəstəkləyən Ukrayna parlamentində bu məsələ müzakirə edilsin və təcavüzkar əsl qiymətini alsın".
Ukraynanın dövlət rəhbərləri ilə keçirilən görüşlərdə Ukraynanın Müdafiə naziri ordu generalı Aleksandr Kuzmuk və Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin konsulluq şöbəsinin müdiri, müvəqqəti İşlər Vəkili Nizami Rüstəmov iştirak etmişlər.
Səfərin gedişində Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti 1941-1945-ci illərin Böyük Vətən Müharibəsində həlak olmuş ukraynalıların xatirəsinə ucaldılmış Abidənin önünə əklil qoymuş, Ukrayna Milli Müdafiə Akademiyası və İvan Boqun adına Kiyev Hərbi Liseyində olmuş, bu təhsil ocaqlarının strukturu və maddi—texniki bazası ilə tanış olmuş, Milli Akademiyada təhsil alan azərbaycanlı zabitlərlə görüş keçirmişdir.
Oktyabrın 11-də Borispol hərbi hava limanında Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətinin təntənəli yolasalma mərasimi keçirilmişdir.
Nümayəndə heyəti həmin gün Vətənə qayıtmışdır.