Oktyabrın 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Jan Pyer Ginyutu, Fransa Respublikasının Gürcüstanda və Azərbaycan Respublikasında yeni təyin edilmiş hərbi attaşesi polkovnik-leytenant Fransis Monkobeki qəbul etmişdir.
Müdafiə naziri qonaqları səmimi salamladıqdan sonra cənab J.P.Ginyut qəbul üçün ona təşəkkür etmiş və yeni təyin olunmuş hərbi attaşe polkovnik-leytenant F.Monkobeki ona təqdim etmişdir. Sonra əlavə etmişdir ki, Cənubi Qafqaz dövlətlərində hərbi attaşenin təyin edilməsi Fransanın bu regiona artan marağının ifadəsidir.
General-polkovnik S.Əbiyev hərbi attaşeni təyinatı münasibətilə təbrik etmiş, ona Azərbaycan və Fransa Respublikaları Silahlı Qüvvələrinin yaxınlaşmasına xidmət göstərməsini arzulamışdır. Nazir söyləmişdir ki, yeni hərbi attaşenin təyin edilməsi Fransanın Azərbaycana yaxınlaşmasında yeni bir addımdır.
Hərbi attaşe F.Monkobek Fransa-Azərbaycan hərbi münasibətlərinin istiqamətlərindən danışmışdır. O, ilk növbədə Azərbaycan zabitlərinin fransız dilini mənimsəməsi probleminə toxunmuşdur.
Onun fikrini davam etdirən səfir J.P.Ginyut demişdir ki, Fransa-Azərbaycan hərbi münasibətləri ikitərəfli və NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində qurula bilər.
General-polkovnik S.Əbiyev görüşün sonunda bildirmişdir ki, artıq əməli işə keçmək vaxtıdır, yəni Azərbaycan zabitlərinin yaxın zamanlarda dil öyrənmək üçün Fransaya göndərilməsi problemi həll ediləcək və bu məsələ bundan sonra sistem şəklində həyata keçiriləcəkdir. Nazir son olaraq demişdir: "Təkliflərinizlə razıyıq, əməkdaşlığa başlamaq lazımdır".
Görüşdə MN Beynəlxalq Hərbi Əlaqələr İdarəsinin rəisi polkovnik Tofiq Salmanov iştirak etmişdir.