Oktyabrın 13-də Azərbaycan Respublikasının Müdafiə naziri — general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Ross Uilsonu qəbul etmişdir.
Müdafiə naziri səfiri salamladıqdan sonra onu Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik etmişdir.
Səfirə Cənubi Qafqaz regionundakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, yaranma səbəbləri və həlli yolları barədə məlumat verən nazir "Azadlıq Aktı"na 907-ci düzəlişin ədalətsiz qərar olduğunu və onun dövlətlərimiz arasında münasibətlərin daha da genişlənməsinə ciddi əngəl törətdiyini xüsusilə vurğulamışdır.
General-polkovnik S.Əbiyev fikrinə davam edərək tarixdə olmayan "erməni genosidi"nin deyil, Xocalı soyqırımının ABŞ Konqresində gündəmə gətirilməsinin vacibliyini səfirin diqqətinə çatdırmışdır. O, demişdir: "ABŞ Azərbaycanın strateji müttəfiqidir, Azərbaycan Qafqaz regionunda ABŞ-ın mənafelərini daim müdafiə edir və bundan sonra da münasibətlərimizin inkişaf etməsində bu siyasəti davam etdirəcəkdir. Hesab edirəm ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ öz qəti sözünü deməlidir və Azərbaycan ərazisinin 20%-ni işğal etmiş Ermənistan təcavüzkar dövlət kimi tanınmalıdır".
Səfir R.Uilson öz növbəsində Müdafiə nazirinə qəbul üçün təşəkkür etmiş və Azərbaycanda fövqəladə və səlahiyyətli səfir təyin olunmasından qürur duyduğunu bildirmişdir. GUÖAM-a daxil olan ölkələr arasındakı əlaqələrin ABŞ tərəfindən dəstəkləndiyini bəyan edən səfir bu dəstəyin bundan sonra da davam edəcəyini qeyd etmişdir.