Oktyabrın 31-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Dövlət katibinin yeni müstəqil dövlətlər üzrə xüsusi məsləhətçisi, xüsusi tapşırıqlar üzrə səfir Stiven Sestanoviçi və ABŞ-ın ATƏT-in Minsk Qrupunda Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Keri Kavanonu qəbul etmişdir.
Görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətləri, terrorizmə və nüvə silahlarının yayılmasına qarşı ümumi mübarizə, regionda təhlükəsizlik, həmçinin iki dövlət arasında hərbi münasibətlərin inkişaf etdirilməsi məsələlərinə toxunulmuşdur.
Cənubi Qafqaz regionundakı mövcud vəziyyət barədə qonaqlara məlumat verən general-polkovnik S.Əbiyev Rusiya Federasiyasının Gürcüstandakı hərbi bazalarından çıxarılan silah və hərbi texnikanın Ermənistana göndərilməsi üzərində dayanaraq, bunun regionda onsuz da kövrək olan hərbi-siyasi vəziyyəti daha da gərginləşdirdiyini bildirmiş və Ermənistan-Azərbaycan münaqişəsinin bu günədək öz həllini tapmamasında Rusiya Federasiyası-Ermənistan hərbi əməkdaşlığının xüsusi rol oynadığını bir daha vurğulamışdır.
GUÖAM qurumunun vəziyyətilə maraqlanan cənab S.Sestanoviçin sorğusuna cavab olaraq, GUÖAM Müdafiə nazirlərinin ilk görüşünün Bakıda keçirildiyini xatırladan Azərbaycanın Müdafiə naziri bildirmişdir ki, bu perspektivli qurumun sonrakı inkişafı üçün siyasi dəstəyə ehtiyacı vardır.
Qonaqları maraqlandıran suallara ətraflı cavab verən general-polkovnik Səfər Əbiyev təəssüfünü bildirərək demişdir ki, "Azadlıq Aktı"na 907-ci düzəliş indiyədək qüvvədə qalmaqdadır və bu, bizim isti münasibətlərimizlə heç cür uzlaşmır. Məsələyə münasibətini bildirən cənab S.Sestanoviç qeyd etmişdir ki, bu hal bizim də mənəviyyatımıza uyğun deyil və inanırıq ki, 907-ci düzəliş tezliklə aradan götürüləcəkdir.
Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Ross Uilson iştirak etmişdir.