AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Avropada Adi Silahlı Qüvvələr haqqında Müqaviləyə uyğun olaraq oktyabrın 6-dan 8-dək Almaniya Federativ Respublikasının inspeksiya qrupu Azərbaycan Respublikası Silahlı Qüvvələrində inspeksiya keçirəcəkdir.
Oktyabrın 5-də Həzi Aslanov adına Mərkəzi Zabitlər evində Müdafiə Nazirliyi kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirmişdir.
Oktyabrın 5-də isə saat 04:30-da Ermənistan Silahlı Qüvvələrinin Yexeqnadzor rayonunun Barsruni yaşayış məntəqəsi ərazisində yerləşən bölmələri Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR-nın Babək rayonunun Aşağı Buzqov kəndi sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
Oktyabrın 4-də saat 23:15-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Sisian rayonu sahəsində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR-sı Şahbuz rayonunun Biçənək yaşayış məntəqəsi sahəsindəki mövqelərini zenit-pulemyot qurğularından atəşə tutmuşlar.
Oktyabrın 1-də saat 21:50-də Ermənistan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Yuxarı Yaycı kəndinə əks mövqelərdə yerləşən (Yexeqnadzor rayonunun ərazisi) bölmələrinin 6 nəfərlik kəşfiyyat qrupu Azərbaycan Silahlı Qüvvələrinin yuxarıda göstərilən mövqelərinə soxulmağa cəhd göstərmişdir.
Müdafiə Nazirliyi oktyabrın 5-də saat 15:00-da Həzi Aslanov adına Mərkəzi Zabitlər evində (S.Vurğun küçəsi,12) kütləvi informasiya vasitələri üçün Respublika Prezidentinin 14 sentyabr tarixli Fərmanına uyğun olaraq, “Azərbaycan Respublikası vətəndaşlarının 1998-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırışı” mövzusunda mətbuat konfransı keçirir.
Sentyabrın 30-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO-nun Baş Katibi cənab Havyer Solananı 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində qəbul etmişdir.
Sentyabrın 30-da Füzuli rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş sahəsində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin rəhbərliyi altında və səhra komandirlərinin köməyilə monitorinq keçiriləcəkdir.
Sentyabrın 27-də saat 20:05-dən 20:30-dək Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası Ordubad rayonu sahəsindəki mövqeləri, Ermənistan Silahlı Qüvvələrinin əks mövqedə yerləşən bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulmuşdur.
Sentyabrın 28-də saat 04:30-da Ermənistan Silahlı Qüvvələrinin 15-20 nəfərdən ibarət kəşfiyyat qrupu Ağdam rayonunun işğal olunmuş Seyidli kəndi istiqamətindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Qaradağlı kəndi sahəsindəki mövqelərinə soxulmağa cəhd göstərmişlər.