Sentyabrın 30-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO-nun Baş Katibi cənab Havyer Solananı 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində qəbul etmişdir.
Müdafiə naziri qonağı salamlayaraq onunla qısa söhbətdən sonra Havyer Solana Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı bölüyünün şəxsi heyətilə görüşmüş, onları bu günlərdə başa çatmış “Mərkəzi Asiya batalyonu-98” təlimlərində nümayiş etdirdikləri ustalığa görə təbrik etmişdir.
Sonra qonaq Məktəbin nəzdində açılmış “NATO-Sülh Naminə Tərəfdaşlıq” kafedrasına baş çəkmiş, müəllim heyətilə görüşmüş və Fəxri qonaqlar kitabında ürək sözlərini yazmışdır.
Müdafiə naziri general-polkovnik Səfər Əbiyev qonaqla NATO ilə Azərbaycan arasında yaranmaqda olan sıx əməkdaşlıq və Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət barəsində fikir mübadiləsi etmişdir.