AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində fevralın 28-dən martın 3-dək Brüssel şəhərində (Belçika Krallığı) vertolyotlara xidmət üzrə işçi qrupun görüşü və fevralın 28-dən martın 10-dək İzmir şəhərində (Türkiyə Respublikası) hava sərhədlərinə nəzarətin hərbi terminologiyası üzrə kurslar keçirilir.
Fevralın 25-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyası Hərbi Hava Qüvvələrinin Azərbaycana işgüzar səfərə gəlmiş nümayəndə heyətinin rəhbəri, Rusiya Federasiyası Hərbi Hava Qüvvələri Baş komandanının Müstəqil Dövlətlər Birliyi Birləşmiş Hava Hücumundan Müdafıə Sistemi üzrə müavini general-leytenant Bondarev Yuri Stepanoviçi və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı hərbi attaşesi I dərəcəli kapitan Sukaç Vladimir Mixayloviçi qəbul etmişdir.
Fevralın 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun rəhbəri polkovnik Bernard Violettini qəbul etmişdir.
Bu yaxınlarda Azərbaycan Respublikası Silahlı Qüvvələri mahnı və rəqs ansamblının üzvü, Respublikanın əməkdar artisti Rzayev Zaur Əlihüseyn oğluna Rusiya Federasiyası Dağıstan Respublikasının “Əməkdar incəsənət xadimi” fəxri adı verilmişdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində fevralın 21-dən 25-dək Oberomerqau şəhərində (AFR) NATO üzvü və tərəfdaş dövlətlərin “çoxmillətli qüvvələr” üzrə və fevralın 21-dən martın 3-dək Ankara şəhərində (Türkiyə Respublikası) arxa xidmətin qərargah zabitləri üçün oriyentasiya kursları keçirilir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin dəvətilə Rumıniyanın Dövlət naziri - Milli Müdafiə naziri cənab Viktor Babyukun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 14-də Bakıya rəsmi səfərə gələcəkdir.
Fevralın 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in icraçı sədrinin yanında yaradılmış Minsk Konfransı üzrə katibliyin Avstriya nümayəndəsi cənab Andreas Launeri və icraçı sədrin şəxsi nümayəndəsi cənab Anjey Kasprşiki qəbul etmişdir.
Fevralın 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO Birləşmiş Komandanlığının Cənub-Şərqi Avropadakı Qərargahının rəis müavini general-mayor R.Rıfkı Durusoyun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Fevralın 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Quru Qoşunları Akademiyasının rəisi general-mayor Xəlil Şimşəyi və Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı attaşesi general-mayor Sadıq Ercanı qəbul etmişdir.