Fevralın 25-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyası Hərbi Hava Qüvvələrinin Azərbaycana işgüzar səfərə gəlmiş nümayəndə heyətinin rəhbəri, Rusiya Federasiyası Hərbi Hava Qüvvələri Baş komandanının Müstəqil Dövlətlər Birliyi Birləşmiş Hava Hücumundan Müdafıə Sistemi üzrə müavini general-leytenant Bondarev Yuri Stepanoviçi və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı hərbi attaşesi I dərəcəli kapitan Sukaç Vladimir Mixayloviçi qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyətə toxunmuşdur. O, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə münasibət bildirərək söyləmişdir ki, Azərbaycan ATƏT-in həmsədrlərindən biri kimi Rusiya Federasiyasından əməli iş gözləyir. O, təəssüflə qeyd etmişdir ki, bu gün onun tərsinə olan hadisələr baş verir. Rusiya Federasiyası Ermənistan Respublikasını birmənalı şəkildə silahlandırır, ona MiQ-29 təyyarələri, S-300 zenit-raket kompleksləri, digər silah və sursat verməkdə davam edir. O, demişdir: “Rusiya Federasiyasının bu hərəkəti Azərbaycan tərəfini çox narahat edir. Ermənistanın silahlandırılması Qafqazda təhlükəsizliyin təmin edilməsinə böyük maneədir”.
General-leytenant Y.Bondarev iki dövlətin Hava Hücumundan Müdafıə qoşunlarının Komanda məntəqələri arasında birbaşa rabitə əlaqəsinin yaradılması məsələsinə toxunmuşdur.
General-polkovnik S.Əbiyev bu məsələyə münasibət bildirərək demişdir: “İki dövlətin Hava Hücumundan Müdafiə qoşunlarının Komanda məntəqələri arasında qarşılıqlı rabitə əlaqəsinin yaradılması məsələsini müzakirə etmək mümkündür”.
Sonra tərəflər onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi etmişlər.
Görüşdə Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafıə qoşunlarının komandanı general-mayor Rail Rzayev və Beynəlxalq Hərbi Əlaqələr İdarəsinin rəisi polkovnik Tofiq Salmanov iştirak etmişlər.