Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Fevral 2000 00:00

Müdafiə Nazirliyinin məlumatı

Fevralın 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in icraçı sədrinin yanında yaradılmış Minsk Konfransı üzrə katibliyin Avstriya nümayəndəsi cənab Andreas Launeri və icraçı sədrin şəxsi nümayəndəsi cənab Anjey Kasprşiki qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra cənab A.Launer görüş üçün ona minnətdarlığını bildirmiş və səfərinin məqsədini açıqlamışdır. O, bildirmişdir ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar ATƏT sədrinin Avstriya nümayəndəsi kimi vəziyyəti öyrənməyə gəlmişdir.
General-polkovnik S.Əbiyev qonağa arzu etmişdir ki, onun səfərinin səmərəsi və nəticəsi olsun. Müdafiə naziri Dağlıq Qarabağ probleminin həllinin hazırda sanki dondurulmuş vəziyyətdə olduğuna öz təəssüfünü bildirərək qeyd etmişdir ki, Azərbaycan tərəfi bir mənalı şəkildə Ermənistan-Azərbaycan münaqişəsini dinc yolla həll etmək istəyir. O, demişdir: “Bu hər iki tərəf üçün faydalıdır”.
Qonaq cavab olaraq bildirmişdir ki, nikbin olmağa əsas vardır.
Sonra general-polkovnik S.Əbiyev cənab A.Launerin xahişilə onu Qafqaz regionundakı hərbi-siyasi vəziyyətlə tanış etmişdir. O, fikrini yekunlaşdıraraq demişdir: “Ermənistan-Azərbaycan münaqişəsinin həllində hər kəsi öz adıyla çağırmaq və hər kəsin öz payını vermək lazımdır. Məsələnin həlli o qədər də mürəkkəb deyildir, lakin onu bu məsələnin həll edilməməsində marağı olanlar mürəkkəbləşdirirlər”.
Cənab A.Launer Avstriya Xarici İşlər naziri, ATƏT-in hazırkı sədri cənab Şusselin Azərbaycana səfər edəcəyi barədə general-polkovnik S.Əbiyevi məlumatlandırmışdır.
General-polkovnik S.Əbiyev görüşün sonunda sözdən işə keçməyin vaxtı çatdığını söyləyərək, Ermənistan-Azərbaycan münaqişəsinin həllində ATƏT-in hazırkı rəhbərliyinə uğurlar arzulamışdır.
Görüşdə MN Beynalxalq Hərbi Əlaqələr İdarəsinin rəisi polkovnik Tofiq Salmanov iştirak etmişdir.