AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikası ilə NATO arasındakı fərdi proqrama uyğun olaraq “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində martın 1-dən 5-dək NATO-nun Brüssel şəhərindəki (Belçika) qərargah-mənzilində “XXI əsrdə vertolyotlara qarşılıqlı qulluq məsələləri üzrə” işçi qrupun görüşü keçiriləcəkdir.
Fevralın 26-da saat 21:25-dən 21:55-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Berd rayonunun Paravakar yaşayış məntəqəsinin şimal-qərbindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonu ərazisində yerləşən Qarayal dağındakı mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
Fevralın 25-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Norveçin ATƏT-in Minsk qrupundakı nümayəndəsi cənab K.Xauqeni, Norveç XİN-in ATƏT-lə əlaqələr üzrə bölməsinin üzvü cənab R.Asxaymı və ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi cənab A.Kaspşiki qəbul etmişdir.
Fevralın 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Maddi-Texniki Təminat rəisi general-polkovnik İbrahim Tülünü, Quru Qoşunlarının Maddi-Texniki Təminat Planlaşdırma İdarəsinin rəisi general-mayor Orxan Tiryakini və onları müşayiət edən şəxsləri qəbul etmişdir.
Azərbaycan Respublikası ilə NATO arasında imzalanmış fərdi proqrama uyğun olaraq fevralın 22-dən 26-dək Oberomerqau şəhərində (Almaniya Federativ Respublikası) NATO-nun sülhü dəstəkləmək əməliyyatları və silahlar üzərində nəzarət kursları, fevralın 23-dən 25-dək isə Ankara şəhərində (Türkiyə) “Kooperativ Key” hərbi təlimlərin planlaşdırılması üzrə əsas konfrans keçiriləcək.
Fevralın 19-da saat 22:55-dən 23:15-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Berd rayonunun Paravakar yaşayış məntəqəsinin şimal-şərqindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Ağstafa rayonunun Köhnəqışlaq kəndi sahəsindəki mövqelərini;- saat 23:15-dən 23:45-dək isə düşmən Goranboy rayonunun işğal olunmuş Talış kəndi ərazisindəki mövqelərindən qoşunlarmızın həmin rayonun Borsunlu kəndi sahəsindəki mövqelərini atıcı silahlardan və iriçaplı pulemyotlardan atəşə tutmuşlar.
Fevralın 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Stenli Eskuderonu və hərbi attaşesi polkovnik-leytenant Daniel Zarenskini onların xahişi ilə qəbul etmişdir.
Azərbaycan Respublikası ilə NATO arasındakı fərdi proqrama uyğun olaraq, fevralın 9-dan 12-dək Oxrid şəhərində (Makedoniya) “Kooperativ Draqon-99” təlimlərinin planlaşdırılması üzrə 2-ci seminar və baş konfrans keçiriləcəkdir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 10-da Ermənistan-Azərbaycan cəbhəsinin Füzuli rayonu sahəsində qoşunların təmas xəttində monitorinq keçirmək planlaşdırılır.
Fevralın 3-də saat 18:15-dən 19:20-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Berd rayonunun Paravakar yaşayış məntəqəsinin 2.5 km şimal-şərqindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Ağstafa rayonunun Köhnəqışlaq kəndi sahəsindəki mövqelərini;- saat 18:45-dən 19:10-dək isə Goranboy rayonunun işğal olunmuş Talış kəndinin 8 km şimal-şərqində yerləşən mövqelərindən qoşunlarımızın həmin rayonun Qırmızısaqqallar kəndi sahəsindəki mövqelərini atıcı silahlardan və iriçaplı pulemyotlardan atəşə tutmuşlar.