Fevralın 25-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Norveçin ATƏT-in Minsk qrupundakı nümayəndəsi cənab K.Xauqeni, Norveç XİN-in ATƏT-lə əlaqələr üzrə bölməsinin üzvü cənab R.Asxaymı və ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi cənab A.Kaspşiki qəbul etmişdir.
Qonaqları salamlayan Müdafiə naziri onları ermənilərin çar Rusiyası tərəfindən 1828-ci ildə İrandan və Türkiyədən Qafqaza köçürülməsi, erməni dövlətinin yaranması və Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və onun nəticələri ilə tanış etmişdir. O, demişdir: “Erməniləri Qafqaza yerləşdirməklə Rusiya dövləti öz imperiya iddialarını həyata keçirmək üçün burada əbədi bir münaqişə ocağı yaratmışdır. Sonuncu münaqişədə də Ermənistan Azərbaycana qarşı öz torpaq iddialarını bilavasitə Rusiya Federasiyasının köməyi ilə reallaşdırmışdır. Onlar indi də Naxçıvanı ələ keçirmək üçün yeni siyasi kampaniyaya başlamışdır”.
Maraqlı informasiya üçün Müdafiə nazirinə təşəkkür edən K.Xauqe bildirmişdir ki, bu məlumatlar onlar üçün təzədir. Çünki Norveç dövlətinin xarici işlər naziri ATƏT-in yeni sədridir və o, aprelin ortalarında Qafqaz regionuna gələcəkdir. Qonaq bu məlumatları ATƏT sədrinə təqdim edəcəyini söyləmişdir.
Sonra general-polkovnik S.Əbiyev qeyd etmişdir ki, ATƏT nümayəndəliyi qoşunların təmas xəttində ötən il 6, bu il isə 2 dəfə monitorinq keçirmiş, onun ikisində erməni tərəfi ATƏT nümayəndələrini atəşə tutmuşdur.
Nazir demişdir: “Ermənistan terrorçu dövlətdir. Əlində külli miqdarda uçotsuz silah və sursatın olmasından istifadə edərək, Ermənistan tərəfi ötən il atəşkəsi 260 dəfədən çox pozmuşdur. O, bu gün Türkiyə və Azərbaycana yeritmək üçün öz ərazisində 700 nəfərdən çox terrorçu hazırlayır. Rusiya Federasiyası isə onu yeni, modern hərbi vasitələrlə silahlandırmağı davam etdirir. Bu da Qafqaz regionunda partlayış təhlükəsi yaratmışdır”.
Müdafiə naziri bununla belə Azərbaycan dövlətinin Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həlli uğrunda mübarizə apardığını bir daha qeyd etmiş və bu yolda ATƏT-in yeni rəhbərliyinə müvəffəqiyyətlər arzulamışdır.