Fevralın 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Stenli Eskuderonu və hərbi attaşesi polkovnik-leytenant Daniel Zarenskini onların xahişi ilə qəbul etmişdir.
Müdafiə naziri qonaqları səmimi salamladıqdan sonra səfir S.Eskudero hərbi attaşenin yeni təyin edilmiş köməkçisi baş master-çavuş Uilyam Teyloru ona təqdim etmişdir.
Sonra general-polkovnik S.Əbiyev Amerika səfirinə Qafqaz regionunda son zamanlar yaranmış hərbi-siyasi vəziyyət barəsində ətraflı məlumat vermişdir. O, qeyd etmişdir ki, Azərbaycan tərəfinin Ermənistanla olan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək səylərinə baxmayaraq, Ermənistan hər vəchlə məsələnin bu yolla həllindən boyun qaçırır. Çünki Rusiya Federasiyası açıq-aydın onun arxasında dayanır, modern silahlarla, yeni tipli “Miq-29” təyyarələri və “S-300” zenit-raket kompleksləri ilə onu gücləndirir. Bu faktiki olaraq Ermənistanın Rusiya tərəfindən sürətlə silahlandırılmasının yeni dövrəsidir.
Sonra nazir bu ilin aprelində NATO-nun yaradılmasının 50 illik yubileyinə həsr edilmiş Vaşinqton sammitinin keçirilməsinin əhəmiyyətindən danışdı, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində Azərbaycan-NATO münasibətlərinin xüsusi vüsət almasını arzuladı.
Söhbət əsnasında tərəflər “Azadlıq akt”ına 907-ci düzəlişin Azərbaycan-ABŞ qarşılıqlı münasibətlərinin dərinləşməsinə zərbə vurduğu qənaətinə gəldilər və arzu etdilər ki, bu il 907-ci düzəlişin təsiri tam zəiflədilsin və nəhayət ləğv edilsin.
Görüşün sonunda səfir S.Eskudero Azərbaycan-ABŞ dövlətlərarası münasibətlərinin və hərbi əməkdaşlığın daha da genişlənməsini arzulamışdır.