AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Sentyabrın 30-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO-nun Baş Katibi cənab Havyer Solananı 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində qəbul etmişdir.
Sentyabrın 30-da Füzuli rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş sahəsində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin rəhbərliyi altında və səhra komandirlərinin köməyilə monitorinq keçiriləcəkdir.
Sentyabrın 27-də saat 20:05-dən 20:30-dək Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası Ordubad rayonu sahəsindəki mövqeləri, Ermənistan Silahlı Qüvvələrinin əks mövqedə yerləşən bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulmuşdur.
Sentyabrın 28-də saat 04:30-da Ermənistan Silahlı Qüvvələrinin 15-20 nəfərdən ibarət kəşfiyyat qrupu Ağdam rayonunun işğal olunmuş Seyidli kəndi istiqamətindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Qaradağlı kəndi sahəsindəki mövqelərinə soxulmağa cəhd göstərmişlər.
Sentyabrın 24-də saat 20:55-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Yexeqnadzor rayonunun Barsruni yaşayış məntəqəsinin qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR-nın Babək rayonunun Aşağı Buzqov kəndi sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
Azərbaycan Respublikası və NATO arasındakı fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 28-dən 30-dək Çester şəhərində (Böyük Britaniya) tərəfdaş dövlətlərin “Aviasiya silahları sistemi, onların imkanları və inteqrasiyası” mövzusunda simpozium; Sentyabrın 28-dən oktyabrın 2-dək Balaton şəhərində (Macarıstan) NATO-nun “Krizislərin idarəolunması” regional kursları keçiriləcəkdir.
Sentyabrın 23-də saat 21:55-dən 22:35-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Yexeqnadzor rayonunun ərazisində yerləşən Mehridağ yüksəkliyindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR-nın Şərur rayonunun Aşağı Yaycı kəndi sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.İtki yoxdur.
Sentyabrın 24-də saat 10:20-dən saat 10:35-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri işğal olunmuş Ağdərə rayonunun şimalında yerləşən mövqelərindən, Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunun Gülüstan yaşayış məntəqəsinin cənubunda yerləşən mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
Sentyabrın 23-də saat 12:30-dan saat 12:45-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Murovdağın işğal olunmuş hissəsindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonu Gülüstan yaşayış məntəqəsi sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
Sentyabrın 22-də Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Səfər Əbiyev Alman-Atlantik cəmiyyətinin vitse-prezidenti, NATO-nun mərkəzi Avropadakı müttəfiqlər Ordusunun sabiq komandanı, istefada olan general Hans Henninq fon Zandrartın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.