Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Sentyabr 1998 00:00

Müdafiə Nazirliyinin məlumatı

Sentyabrın 22-də Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Səfər Əbiyev Alman-Atlantik cəmiyyətinin vitse-prezidenti, NATO-nun mərkəzi Avropadakı müttəfiqlər Ordusunun sabiq komandanı, istefada olan general Hans Henninq fon Zandrartın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə Naziri qonaqları salamladıqdan sonra nümayəndə heyətinin başçısı Azərbaycana səfərin onlar üçün şərəf olduğunu və Qafqazdakı vəziyyətlə tanış olmaq üçün regiona gəldiklərini aşkarlamışdır.
General-polkovnik S.Əbiyev Avropa ölkələrinin və ABŞ-ın indiyədək Ermənistanın Azərbaycana təcavüzünə qəti münasibət bildirmədiklərini qonaqların nəzərinə çatdırdıqdan sonra Azərbaycan Respublikasının 1994-cü ilin mayından NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramına qoşulduğunu və onun ən fəal üzvlərindən olduğunu söyləmişdir. Sonra o, Qafqazda mövcud olan hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, Rusiya Federasiyasının bu münaqişənin bütün mərhələlərində Ermənistana fəal yardımı, bu hərbi yardımın bu gün də davam etdirildiyi, sentyabrın 8-də Bakıda keçən “Böyük ipək yolu” konfransının mahiyyəti haqqında qonaqlara ətraflı məlumat vermişdir. O, demişdir: “Avropanı Asiya ilə birləşdirən Azərbaycana onun marağı nəhayətsizdir. Bəs nə üçün Avropa dövlətləri Ermənistan Respublikasını təcavüzkar adlandırmır? Avropa artıq öz sözünü deməlidir.”
Cənab fon Zandrart indiyədək eşitmədiyi faktlara görə müdafiə nazirinə təşəkkür etmiş, ölkələrin iqtisadi əməkdaşlığının Avropada və dünyada strateji təhlükəsizlik sisteminə xidmət etdiyini, Azərbaycanın bu maraqların kəsişmə nöqtəsi olduğunu və şəxsən Azərbaycana simpatiya bəslədiyini bildirmişdir.
İki saatdan artıq davam edən görüşdə general-polkovnik S.Əbiyev Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı intensivləşdirmək zərurətini qonağın nəzərinə çatdırmışdır. O, görüşün sonunda qonaqları maraqlandıran suallara cavab vermişdir.