AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının prezidenti H.Əliyevin “Cəmşid Naxçıvanski adına hərbi liseyin 25 illiyinin keçirilməsi haqqında” 1998-ci il 13 mart tarixli sərəncamının 2-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant S.Əbiyev “Cəmşid Naxçıvanski adına hərbi liseyin 25 illiyinin keçirilməsi üzrə Təşkilat Komissiyasının yaradılması haqqında” əmr imzalamışdır.
NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində martın 20-də Brüssel şəhərində (Belçika Krallığı) NATO Komitəsinin boru kəmərlərinin mühafizəsi üzrə görüşü keçiriləcəkdir.
Avropada Adi Silahlı Qüvvələr (AASQ) haqqında müqavilə və 1994-cü ilin Vyana sənədinə müvafiq olaraq martın 16-dan 20-dək Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının və martın 17-dən 20-dək Estoniya Respublikası Silahlı Qüvvələrinin nümayəndələri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində inspeksiya keçirəcəklər.
Martın 15-də saat 15:15-dən 19:00-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri İcevan rayonunun Berkaber yaşayış məntəqəsinin şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızıl-Hacılı kəndi sahəsindəki bölmələrini atıcı silahlardan, iriçaplı pulemyotlardan və tank əleyhinə qumbaraatanlardan atəşə tutmuşlar.
Azərbaycan Respublikası ilə NATO arasında hazırlanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərafdaşlıq” proqramı çərçivəsində martın 16-dan aprelin 3-dək AFR-in Oberomerqau şəhərində sülhməramlı əməliyyatlar üzrə qərargah zabitlərinin kursları keçirilir.
Martın 10-da saat 18:00-dan 18:30-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri İcevan rayonunun ərazisindəki Paravakaryal dağında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun cənubundakı mövqelərinə, qoşunların təmas xətti boyunca atıcı silahlardan və iriçaplı pulemyotlardan atəşə tutmuşlar.
Martın 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant S.Əbiyev Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələri Akademiyasının bir qrup dinləyicisini qəbul etmişdir.
Martın 9-da saat 20:30-dan 20:40-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Krasnoselsk rayonunun Artaniş yaşayış məntəqəsinin şərqindəki yüksəklikdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunun Novosaratovka kəndi sahəsindəki mövqelərini atıcı silahlardan və iriçaplı pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 7-də saat 21:50-dən 22:45-dək İcevan rayonunun Vazaşen yaşayış məntəqəsinin şərqindəki və martın 8-də saat 20:20-dən 20:40-dək Ararat rayonunun Armaş yaşayış məntəqəsinin cənub şərqindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Balacəfərli kəndi və Naxçıvan Muxtar Respublikasının Sədərək qəsəbəsi sahəsindəki bölmələrini atıcı silahlardan və iriçaplı pulemyotlardan atəşə tutmuşlar.
Martın 4-də saat 19:30-dan 20:30-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri İcevan rayonunun Vazaşen yaşayış məntəqəsinin şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Balacəfərli kəndi sahəsindəki bölmələrini atıcı silahlardan atəşə tutmuşlar.