Martın 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant S.Əbiyev Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələri Akademiyasının bir qrup dinləyicisini qəbul etmişdir. Qonaqları səmimi salamlayan nazir onlara keçmiş ittifaqın dağılması səbəblərindən, Zaqafqaziyada müstəqil respublikaların yaranması tarixindən, eyni zamanda burada qaynar nöqtələrin meydana gəlməsi amillərindən söhbət açmışdır.
General-leytenant S.Əbiyev Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni icmasının yerləşdirilməsi, qonşu respublikanın Azərbaycana ərazi iddiaları və Ermənistan-Azərbaycan münaqişəsinin tarixi haqqında konkret faktlarla qonaqlara geniş məlumat vermişdir. O, Azərbaycan Respublikasının Qafqaz regionu və bütün dünya üçün geosiyasi əhəmiyyətindən söhbət açaraq, Ermənistan-Azərbaycan münaqişəsinin yalnız Lissabon sammitinin prinsipləri əsasında həll edilməsinin mümkünlüyünü qeyd etmişdir.
Müdafiə naziri sonda onu maraqla dinləyən amerikalı qonaqların suallarına cavab vermişdir. Görüşdə ABŞ-ın Azərbaycandakı səfirliyinin hərbi attaşesi D.Zarenski iştirak edirdi.