AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Mayın 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant S.Əbiyev ABŞ Milli-Hərbi Kollecinin yanında Dövlət Departamenti müşaviri, səfir Henri Klarkın müşayiəti ilə həmin Kollecin nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycan Respublikası ilə NATO arasında işlənib hazırlanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində mayın 11-dən 15-dək Brunsum şəhərində (Niderland) NATO təlimlərinin planlaşdırılması prosesləri üzrə seminar keçirilir.
Mayın 10-da saat 23:15-dən 23:25-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Vayk rayonunun Bartsruni yaşayış məntəqəsi sahəsindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu Kərməçatax kəndi ərazisindəki bölmələrini atıcı silahlardan atəşə tutmuşlar.
Mayın 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant S.Əbiyev ABŞ sənaye kollecinin mülki şəxslərdən və hərbiçilərdən ibarət bir qrup dinləyicisini qəbul etmişdir.
NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində mayın 6-dan 15-dək ABŞ-ın Arizona ştatında çoxmillətli “Kooperativ Zenit” təlimləri keçiriləcək.
Mayın 5-də Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant S.Əbiyev Atlantika Müqaviləsi Assosiasiyasının sədri cənab Teodossis Qeorqiunu qəbul etmişdir.
Mayın 6-dan 8-dək Brüssel şəhərində (Belçika Krallığı) NATO dövlətləri və tərəfdaş ölkələrin Silahlı Qüvvələri Baş Qərargah rəislərinin müşavirəsi və NATO-nun Avropadakı birləşmiş Silahlı Qüvvələrinin Ali qərargah-mənzilinin illik konfransı keçiriləcək.
Mayın 4-də saat 13:45-dən 14:10-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Krasnoselsk rayonu ərazisində yerləşən Örükdaş dağındakı mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunun Mutudərə kəndi sahəsindəki mövqelərini iriçaplı pulemyotlardan və snayper tüfənglərindən atəşə tutmuşlar.
NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində mayın 4-dən 8-dək Oberamerqau şəhərində (AFR) böhran vəziyyətlərinin idarə olunması üzrə çoxmillətli kurslar keçirilir.
Aprelin 21-dən 23-dək Hamburq şəhərində (Almaniya Federativ Respublikası) Bundesver tərəfindən təşkil edilmiş “Almaniyanın xarici təhlükəsizlik siyasətində Avropa aspektləri” mövzusunda seminar keçirilir.