Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 May 1998 00:01

Müdafiə Nazirliyinin məlumatı

Mayın 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant S.Əbiyev ABŞ Milli-Hərbi Kollecinin yanında Dövlət Departamenti müşaviri, səfir Henri Klarkın müşayiəti ilə həmin Kollecin nümayəndə heyətini qəbul etmişdir. Nümayəndə heyətinin tərkibində ABŞ Dövlət Departamentinin, Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin bütün növlərinin nümayəndələri vardır.
Qonaqları salamlayan nazir bu gün müstəqil Azərbaycan Respublikasında milli istiqlala xidmət edən yeni təfəkkürün və yeni siyasi situasiyanın mövcud olduğunu onlara bildirmişdir. Sonra Müdafiə naziri Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, Azərbaycan Respublikasının regiondakı strateji və geosiyasi əhəmiyyəti, həmçinin Azərbaycan Silahlı Qüvvələri quruculuğu haqqında məlumat vermişdir.
Qonaqların çoxsaylı suallarına cavab verən general-leytenant S.Əbiyev demişdir ki, bu gün əsas məqsədimiz Azərbaycan ordusunu yüksək ixtisaslı mütəxəssislərlə gücləndirmək, səfərbərlik ehtiyatını artırmaq, əsgərlərin döyüş qabiliyyətini yüksəltmək, Azərbaycan neftinin nəqli yollarının mühafizəsini etibarlı təmin etmək və NATO ilə sıx əməkdaşlıq yaratmaqdır. O, “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişin Azərbaycan-ABŞ əməkdaşlığına zərbə endirdiyini, bununla belə bu əməkdaşlığın böyük perspektivləri olduğunu xüsusilə vurğulamışdır.
Nazirə səmimi və açıq söhbət üçün təşəkkür edən səfir H.Klark ABŞ-Azərbaycan əməkdaşlığının daha da güclənəcəyinə inandığını bildirmişdir. Görüşdə ABŞ-ın Azərbaycandakı hərbi attaşesi polkovnik-leytenant D.Zarenski iştirak etmişdir.