Mayın 5-də Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant S.Əbiyev Atlantika Müqaviləsi Assosiasiyasının sədri cənab Teodossis Qeorqiunu qəbul etmişdir.
Qonağı salamlayan Müdafiə naziri onu Zaqafqaziyada və Azərbaycanda mövcud olan hərbi-siyasi vəziyyətlə tanış etmiş, ona Azərbaycan Respublikasının müstəqillik yollarında əldə etdikləri nailiyyətlərdən və rastlaşdığı çətinliklərdən danışmış, Azərbaycan Respublikası Silahlı Qüvvələri, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və nəticələri haqqında məlumat vermişdir. O, demişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramının ən fəal iştirakçısıdır və Ordu quruculuğunda yeri gəldikcə, NATO standartlarından istifadə edir.
Səmimi qəbul üçün Müdafiə nazirinə öz təşəkkürünü bildirən cənab T.Qeorqiu Azərbaycana səfərinin onda zəngin təəssürat yaratdığından, Azərbaycan Prezidenti H.Əliyevin müdrik daxili və xarici siyasət yeritdiyindən bəhs etmiş və Azərbaycan Respublikası kimi zəngin təbii sərvətlərə malik bir dövlətin güclü Ordu strukturuna malik olmasını arzulamışdır.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Azərbaycan Respublikası Milli Məclisinin və Xarici İşlər Nazirliyinin nümayəndələri iştirak etmişlər.