AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində noyabrın 8-dən 9-dək Madrid şəhərində (İspaniya) Avro-Atlantik Tərəfdaşlıq Şurası çərçivəsində görüş, Brüssel şəhərində (Belçika Krallığı) isə Quru Qoşunları Hərbi Standartlaşdırma Agentliyi ekspertlərinin silahlar üzrə görüşü keçiriləcək.
Noyabrın 8-dən 15-dək Bakı Ali Birləşmiş Komandirlər Məktəbində voleybol üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin birinciliyi keçiriləcək.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində noyabrın 5-dən 17-dək Roma şəhərində (İtaliya) Sülh Naminə Tərəfdaşlıq-ATƏT inteqrasiya kursları; noyabrın 6-dan 17-dək Oberammergau şəhərində (Almaniya Federativ Respublikası) Silahlı Qüvvələrdə ətraf mühitin mühafizəsi üzrə kurslar; noyabrın 6-dan 7-dək Madrid şəhərində (İspaniya) Mülki Müdafiə Komitəsinin seminarı; noyabrın 6-dan 8-dək Neapol şəhərində (İtaliya) NATO-nun Cənub Komandanlığının illik 7-ci konfransı keçiriləcək.
Oktyabrın 31-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Dövlət katibinin yeni müstəqil dövlətlər üzrə xüsusi məsləhətçisi, xüsusi tapşırıqlar üzrə səfir Stiven Sestanoviçi və ABŞ-ın ATƏT-in Minsk Qrupunda Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Keri Kavanonu qəbul etmişdir.
Oktyabrın 30-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Senatı Xarici Əlaqələr Komitəsinin üzvləri və ABŞ Avropa Məsələləri üzrə Peşəkar Qərargahının baş üzvləri Maykl Vestfalı və Yan Bjezinskini qəbul etmişdir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 30-da Ermənistan-Azərbaycan cəbhəsinin Tərtər rayonunun Qızıloba yaşayış məntəqəsi sahəsində, qoşunların təmas xəttində monitorinq keçiriləcək.
Avropada Adi Silahlı Qüvvələr haqqında Müqaviləyə uyğun olaraq, oktyabrın 31-i və noyabrın 1-də Hollandiya Silahlı Qüvvələri nümayəndələrinin rəhbərliyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində inspeksiya keçiriləcək.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 26-da Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində keçirilən növbəti iclasında iştirak etmişdir.
Oktyabrın 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən növbəti iclasında Rusiya Federasiyasına məxsus silah və hərbi texnikanın Ermənistan Respublikasına göndərilməsi barədə bəyanatla çıxış etmişdir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün oktyabrın 25-də Tacikistanın paytaxtı Düşənbə şəhərinə yola düşmüşdür.