Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 15-dən 19-dək Pakistan İslam Respublikasının Karaçi şəhərində keçirilən İkinci Beynəlxalq Müdafiə sərgisində (İDEAS-2002) iştirak etmişdir.
Karaçi şəhərinin beynəlxalq hava limanında general-polkovnik S.Əbiyevi Pakistan İslam Respublikası Hərbi Dəniz Qüvvətlərinin vitse-admiralı B.A.Cumani, Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Eynulla Mədətli və digər rəsmi şəxslər qarşılamışlar.
Sentyabrın 16-da sərginin açılışından əvvəl "Asiya təhlükəsizliyi ssenarisi" və "Asiyanın hərbi bazarı" mövzusunda seminar keçirilmişdir.
Həmin gün 40-dan yuxarı dövlətin hərbi nümayəndə heyətinin iştirak etdiyi İkinci Beynəlxalq Müdafiə sərgisinin açılışı olmuşdur.
Pakistan İslam Respublikasının Prezidenti cənab Pərviz Müşərrəf sərgidə iştirak edən dövlətlərin nümayəndə heyətlərini salamlamış və sərgidə iştirak etdiklərinə görə onlara təşəkkür etmişdir.
Sentyabrın 17-də Karaçi şəhərinin qubernatoru cənab Məhəmməd Mian Sumro öz iqamətgahında general-polkovnik S.Əbiyevi və nümayəndə heyətini qəbul etmişdir.
Görüş zamanı Azərbaycan-Pakistan qarşılıqlı əlaqələrinin inkişafı haqqında geniş fikir mübadiləsi edilmişdir.
Həmin gün Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəf general-polkovnik S.Əbiyevi qəbul etmişdir.
Müdafiə nazirini səmimi salamlayan prezident P.Müşərrəf sərgiyə gəldiyinə görə ona hərbi əməkdaşlığının uğurla inkişaf etdirilməsində müvəffəqiyyətlər arzulamışdır.
General-polkovnik S.Əbiyev Azərbaycan Respublikasının prezidenti cənab Heydər Əliyevin salamlarını prezident P.Müşərrəfə çatdıraraq qeyd etmişdir ki, Azərbaycan-Pakistan hərbi əməkdaşlığı hər iki dövlətin ümummilli maraqları istiqamətində uğurla inkişaf etdirilir. Saziş imzalandıqdan sonra isə Azərbaycan-Pakistan hərbi əməkdaşlığı yeni mərhələyə qədəm qoyacaqdır. O, qeyd etmişdir ki, İkinci Beynəlxalq Müdafiə sərgisinin açılışı və Azərbaycan-Pakistan hərbi əməkdaşlığı sahəsində sazişin eyni zamanda imzalanması əlamətdar və tarixi bir hadisədir.
Prezident P.Müşərrəf demişdir: "Biz Azərbaycanla hərbi əməkdaşlığa böyük əhəmiyyət verir və Azərbaycana hər zaman hər bir yardımı göstərməyə hazırıq. İlk növbədə iqtisadiyyatı və ordunu elə yüksək səviyyəyə qaldırmaq lazımdır ki, düşmən öz niyyətlərindən əl çəksin".
Prezident H.Əliyevə salamlarının çatdırılmasını xahiş edən prezident P.Müşərrəf qeyd etmişdir ki, Pakistan həmişə Azərbaycanın yanındadır.
General-polkovnik S.Əbiyev bildirmişdir ki, prezident H.Əliyev onu Azərbaycana rəsmi səfərə dəvət etmişdir və prezident P.Müşərrəf onun üçün əlverişli olan vaxtda Azərbaycana səfər edə bilər.
Elə həmin gün Müdafiə katibi Həmid Nəvaz Xan general-polkovnik S.Əbiyevi qəbul etmişdir.
Görüş zamanı nazirlər sərgi barəsində və Azərbaycan-Pakistan hərbi perspektivləri haqqında fikir mübadiləsi etmişlər.
Qəbuldan sonra Azərbaycan Respublikası hökuməti və Pakistan İslam Respublikası hökuməti arasında Müdafiə və Hərbi sahədə Əməkdaşlıq haqqında Saziş imzalanmışdır. Sənədi Azərbaycan Respublikası tərəfindən general-polkovnik S.Əbiyev, Pakistan İslam Respublikası tərəfindən istefada olan general-leytenant Həmid Nəvaz Xan imzalamışlar.
Sazişdə hərbi hazırlıq, hərbi ekspertlərin mübadiləsi, birgə hərbi təlimlərdə iştirak, informasiya mübadiləsi, hərb elmi və sənayesi sahəsində əməkdaşlıq və sair müddəalar öz əksini tapmışdır.
Sentyabrın 18-də general-polkovnik S.Əbiyev Pakistan İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin Qərargah rəisi admiral Abdul Əziz Mirzə ilə rəsmi görüş keçirmişdir.
Görüş zamanı hər iki dövlətin Hərbi Dəniz Qüvvələrinin inkişaf yolu və əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.
Səfər zamanı general-polkovnik S.Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Eynulla Mədətli müşayiət etmişdir.