Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Sentyabr 2002 00:00

Müdafiə Nazirliyinin məlumatı

Sentyabrın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Maddi-Texniki Təminat İdarəsinin rəisi general-leytenant Saffet Kayanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Qonaqları səmimi salamlayan Müdafiə naziri qeyd etmişdir ki, sentyabrın 18-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev və Türkiyə Respublikasının prezidenti Əhməd Necdət Sezerin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin təməli qoyulmuşdur. Bu hadisə Azərbaycan-Türkiyə hərtərəfli əlaqələrinin daha da sıxlaşmasına yeni təkan verəcəkdir. Növbədə isə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişinin gerçəkləşməsidir. 1991-ci ildə təməli qoyulan, o cümlədən hərbi əməkdaşlıq sahəsində başlanan əlaqələrimiz hər iki dövlətin mənafelərinə uyğun olaraq inkişaf edir.
Müdafiə naziri demişdir: "Türkiyə Silahlı Qüvvələri Azərbaycan Silahlı Qüvvələrinə hərtərəfli yardım göstərir. Hər il olduğu kimi bu il də Türkiyə Respublikası Silahlı Qüvvələrinin rəhbərliyi bizə təmənnasız yardım edəcəkdir. Buna görə mən Türkiyə dövlətinin, o cümlədən Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəhbərliyinə minnətdarlıq edirəm".  
Səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edən general-leytenant S.Kaya Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Hilmi Özkökün salamlarını ona çatdırmışdır.
O, qeyd etmişdir ki, ilk dəfə Azərbaycana gəlir və üç gündür burada özünü doğma torpağında olduğu kimi hiss edir. O, demişdir: "Bu günlər ərzində Azərbaycanın hərbi təhsil müəssisələri ilə yaxından tanış oldum. Azərbaycan ordu quruculuğunda qısa müddətdə uzun və faydalı bir yol keçmişdir. Hərbi təhsil sistemi tamamilə yeniləşmiş və hərbi məktəbləriniz çox yaxşı vəziyyətdədir. Bundan sonra da biz hərtərəfli yardımımızı qardaş Azərbaycanın Silahlı Qüvvələrindən əsirgəməyəcəyik".
Sonra tərəflər hər iki dövlətin Silahlı Qüvvələrinin maddi-texniki təminatının daha da yaxşılaşması istiqamətində fikir mübadiləsi etmişlər.
Cənubi Qafqaz bölgəsində mövcud olan hərbi-siyasi vəziyyətlə qonaqları tanış edən general-polkovnik S.Əbiyev qeyd etmişdir ki, regionda mövcud olan ən ağır problem Ermənistan-Azərbaycan münaqişəsidir. Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin bu münaqişənin diplomatik müstəvidə həll olunmasına üstünlük verdiyini vurğulayan Müdafiə naziri demişdir ki, ölkənin Silahlı Qüvvələri Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində Respublika Prezidentinin hər bir əmrini yerinə yetirməyə hazırdır. Öz növbəsində general-leytenant S.Kaya bildirmişdir ki, bu məsələnin həllində Azərbaycanın qəbul etdiyi hər bir qərarı Türkiyə dəstəkləməyə hazırdır.
Görüşdən sonra "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Türkiyə Respublikası Baş Qərargahı arasında Maddi-Texniki Təminatın tətbiqi Protokolu" imzalanmışdır.
Sənəd Azərbaycan Silahlı Qüvvələrinə təmənnasız yardım göstərilməsini nəzərdə tutur.
Görüşdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşesi general-mayor Ümid Kalender iştirak etmişdir.