AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev dekabrın 4-də Avro-Atlantika Tərəfdaşlığı Şurası Müdafiə Nazirlərinin növbəti sessiyasında iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşmüşdür.
Noyabrın 30-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Andrü Takrı qəbul etmişdir.
Noyabrın 29-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Ryabovu qəbul etmişdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində noyabrın 27-dən 30-dək Brüssel şəhərində (Belçika Krallığı) Hərbi Standartlaşdırma Agentliyi ekspertlərinin artilleriya üzrə 27-ci işçi görüşü, noyabrın 27-dən dekabrın 1-dək Şems şəhərində (AFR) Avropa Təhlükəsizliyi sahəsində əməkdaşlıq üzrə NATO kursları, Oberammergau şəhərində (AFR) böhran vəziyyətlərinin idarə olunması üzrə kurslar, Riqa şəhərində (Latviya) "Kooperativ Binat" təlimləri üzrə işçi görüş, noyabrın 28-i və 29-da isə Brunsum şəhərində (Hollandiya) NATO-nun Avropadakı Birləşmiş Qüvvələri Şimal komandanlığının tərəfdaşlarla konfransı keçiriləcək.
Noyabrın 21-də saat 13:45-dən 14:45-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tərtər rayonunun işğal olunmuş Göyarx yaşayış məntəqəsinin şimalındakı mövqelərindən Azərbaycan Silahlı Qüvvələri bölmələrinin həmin rayonunun Yuxarı Çaylı yaşayış məntəqəsindəki mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Noyabrın 20-də Ermənistanın "Snark" informasiya agentliyi "mötəbər mənbə"yə istinad edərək haqqında Rusiyanın "Zaman" analitik-informasiya proqramında bəhs edilən, Rostov şəhərində saxlanılan hərbi texnika ilə dolu eşelonun, guya Ukraynadan Azərbaycana göndərilməsi və sonra onun "Qarabağ istiqamətində və ya Çeçenistanda istifadə üçün" nəzərdə tutulduğu barədə cəfəng bir mülahizə irəli sürmüşdür.
Avropada Adi Silahlı Qüvvələr haqqında müqaviləyə uyğun olaraq noyabrın 21-dən 23-dək Yunanıstan Silahlı Qüvvələri nümayəndələrinin rəhbərlik etdiyi çoxmillətli inspeksiya qrupu Azərbaycan Respublikası Silahlı Qüvvələrində inspeksiya keçirir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində noyabrın 20-dən 24-dək Oberammergau şəhərində (AFR) mülki-hərbi əməkdaşlıq üzrə kurslar, noyabrın 20-dən dekabrın 1-dək Ankara şəhərində (Türkiyə) arxa xidmət qərargahı zabitləri üçün tanışlıq kursları keçiriləcək.
Hərbçilərin Hollandiyanın Amsterdam şəhərində keçirilən dzü-do üzrə dünya çempionatında Azərbaycan Respublikası Silahlı Qüvvələri Ordu İdman Klubunun üzvləri kiçik çavuş Səlimov Rəsul Əli oğlu 90 kq çəki dərəcəsində gümüş və onun qardaşı sıravi əsgər Səlimov Nurəddin Əli oğlu isə 100 kq çəki dərəcəsində bürünc medallara layiq görülmüşlər.
Sıravi əsgər Cəfərov Mükərrəm Murtuzəli oğlu ABŞ-ın Las Veqas şəhərində keçirilən ağırlıqqaldırma (poverliftinq) üzrə yarışlarda 90 kq çəki dərəcəsində qızıl medal almışdır.